Azərbaycanda islam ənənələrinin yaranması və inkişafı


İslam dünyada ən çox yayılmış dinlərdən biridir. Bu din VII əsrdə Ərəbistanda meydana gəlmişdir. 1400 ildir ki, İslam Yer kürəsinin milyonlarla əhalisinin əxlaq kodeksi, həyat tərzi, Allah qarşısında hamının bərabərliyi deməkdir. İslamın bərqərar olması ilə çoxallahlığa və bütpərəstliyə qarşı mübarizə başlandı. Məlumdur ki, islamadək insanlar Günəşə, Aya, müxtəlif ruhlara, təbiət cismlərinə və əcdadlara sitayiş edirdilər. İslam, qismən də olsa, özündən əvvəlki dinlərdən - yəhudilik və xristianlıqdan bəhrələnsə də, onun bütün ehkamları və mərasimləri təkrarolunmazlığı ilə səciyyələnır. O dövrdə daşa sitayiş, xüsusilə, geniş Məkkədə məbəd olan Kəbə bütün ərəb tayfaları üçün müqəddəs yer olmuş, müsəlmanların ilahilik rəmzinə çevrilmişdi. Qısa bir müddət ərzində, Məhəmməd peyğəmbər, ərəbləri birləşdirərək mərkəzləşdirilmiş dövlət təşkil etdi, Məhəmməd peyğəmbər, rəsmi olaraq, islamın paytaxtı elan edildi. İslamın banisi Məhəmməd peyğəmbər 570-ci ildə Məkkədə kasıb, ancaq kübar ailədə doğulmuşdur. İdealı real həyata qovuşduran Məhəmməd peyğəmbər gözəl natiq və mahir siyasətçi idi. Onun ideya-siyasi fəaliyyəti haqqında təlimi öz həyatiliyini bu gün də saxlamaqdadır. İslamın əsasını aşağıdakıdar təşkil edir: təkallahlığı və peyğəmbəri tanıma; ibadət, oruc tutmaq, yoxsulların xeyrinə vergi, zəkat verilməsi və Həcc ziyarəti.
Azərbaycanın etnoqraf alimi Rəfiqə Quliyeva yazır: "Müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" hesab olunur. Müsəlmanların cəmiyyətdə davranışı, bir-biri ilə qarşılıqlı münasibətləri hüquqi normalarla - şəriətlə nizamlanır. Şəriət "Quran" və hədislər vasitəsilə müsəlmanlara çatdırılan qanunlarıdır. Şəriət insanların Allaha ibadətini və onların bir-birlərinə olan münasibətlərini tənzimləyir.
İslam tarixinin ilk mərhələlərində "Quran"ın başqa dillərə tərcüməsi qadağan olunduğundan müsəlmanlar bu müqəddəs kitabdan ərəb dilində bəhrələnirlər. Sonralar "Qurani-Kərim" bütün müsəlman xalqlarının dillərinə tərcümə olunmuşdur.
Müsəlman uçün "Quran"ın ehkamları əsasında yaşamaq Allahın iradəsini ifadə etmək deməkdir. Məhəmməd peyğəmbərin ölümündən 3 əsr keçdikdən sonra, hakimiyyət üstündə aparılan mübarizələr sonralar islamın daxili strukturuna təsir etdi. Artıq VIII əsrin ortalarında islamda azı 3 dini-siyasi qruplaşma - sünnilik, şiəlik və vəhhabilik mövcud idi. İslamda müxtəlif cərəyanların fəaliyyət göstərməsinə baxmayaraq, müsəlmanlar həmişə böyük təmkinlilik göstərmiş və səbirlə vahid din ətrafında birləşməyi hər şeydən üstün tutmuşlar".
İslamın ayrı-ayrı ölkələrdə yayılması, yerli şəraitdən asılı olaraq, özünəməxsus məhəlli xüsusiyyətlərin formalaşması, müxtəlif xalqlarda etno-mədəni proseslərinin intensivləşməsı şəraitində baş verirdi. Əsrlər boyu bu dini qəbul edən ölkələrin xalqları ilə islam arasında ideoloji baxımdan qarşılıqlı əlaqə və qarşılıqlı təsir olunmşdur. İslam, adətən, qarşılaşdığı ölkələrdəki yeni ideyaları, xalqların adət-ənələrini öz təliminə uyğunlaşdırmağa çalışırdı. Xilafətin uzun müddət hökmranlıq etməsində islam faktoru mühüm rol oynamışdır. Ərəblər istilaçılıq siyasətini islamın təbliği ilə birgə aparırdılar. VII əsrdə Ərəbistanda meydana çıxan islam, qısa bir müddət ərzində, Yer kürəsinin böyük bir qismini əhatə etdi.
Azərbaycanda islamın yayılması 639-cu ildə ərəblərin Azərbaycana yürüşü ilə bağlıdır. 643-cü ildə onlar, artıq Dərbəndi fəth etmişdilər. Xəlifə Osmanın dövründə ərəblərin Şimali Azərbaycana yürüşü daha da genişləndi. Yerli əhali yeni dinə bütün məhrumiyyətlərdən və əzablardan xilas olmaq vasitəsi kimi baxırdı. Qeyd etmək lazımdır ki, fəth etdikləri ölkələrdə ərəbləri, birinci növbədə, yeni dini təbliğ etməkdən daha çox əhalini özlərinə siyasi cəhətdən tabe etmək məsələsi maraqlandırırdı.
Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da islam bir sıra qədim dini etiqadlar və inamlarla üzə-üzə gəldi. İslamadək Azərbaycanda çox mürəkkəb konfessional durum hökm sürürdü. Burada müxtəlif heyvanlara və bitkilərə, təbiət cisimlərinə inamla yanaşı, zərdüştlük və xristianlıq çox geniş yayılmışdı. Təsadüfi deyil ki, ilk mərhələlərdə islam Azərbaycan ərazisində heç də eyni dərəcədə yayıla bilmirdi. İslam Arranda xristianlıq, cənub bölgələrində isə zərdüştiliklə qarşılaşmışdı. Qeyd etmək lazımdır ki, bu din ən çox zərdüştlük və çoxallahlığın müqavimətinə rast gəlirdi. İslam dini ilə bütpərəstlik - atəşpərəstlik arasında təsir və qarşılıqlı əlaqə prosesləri getməyə başladı.
R.Quliyevanın fikrincə, Əli Biruninin məlumatına görə, Cənubi Azərbaycan əhalisi, artıq xəlifə Əlinin dövründə islamı qəbul etmişdi. Əndəluslu Həmid əl-Qərnatinin məlumatına görə, Dərbəndin dağ kəndlərində hələ islamı qəbul etməyən atəşpərəstlər mövcud idi. Şimali Azərbaycanda islam-xristianlıq qarşıdurması özünü daha qabarıq göstərirdi. Ona görə də, burada müsəlmanlaşma prosesi daha uzun sürmüşdür. Əvvəlki dinlərə sitayiş əsas etibarilə Azərbaycanın müxtəlif bölgələrində davam etməkdə idi. "Xristianlıqdan fərqli olaraq, islam missionerlər vasitəsilə yox, ölkələri işğal etmək yolu ilə yayılırdı. Azərbaycanda islamın məcburi qaydada qəbul etdirilməsi halları olmamışdır. Ölkədə xristianlıq və zərdüştlük də təqib olunmamışdı".
Azərbaycanda islam iki təriqətin nümunəsində - sünnilik və şiəliklə təmsil olunmuşdur. Şiələr, əsasən, çoxluq təşkil edir.
İslam Azərbaycanda əvvəlki sosial-mədəni təsisatları transformasiyaya uğratdı. Hər bir ölkədə olduğu kimi, burada da islamın yerli şəraitə uyğunlaşdırılmış xüsusiyyətləri formalaşırdı. Məlumdur ki, orta əsrlərdə Şərqdə şiə və sünni məzhəblərinə ayrılmış türk dövlətləri arasında münaqişələr baş verirdi. Bunun əksinə olaraq, Azərbaycanda həmişə belə hallara və o cümlədən, separatçılığa qarşı mübarizə meyilləri güclü olmuşdur. Bu isə, ölkədə sabitlik və tərəqqi üçün zəmin yaratmış başqa dinlərə isə tolerant münasibət formalaşdırmışdır.
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra buranın etnik tərkibi böyük dəyişikliyə uğradı. Köçürmə siyasəti nəticəsində, ölkənin dini həyatında dəyişiklik baş verdi və xristian əhalinin sayı artdı. Əhalinin əksəriyyətini müsəlmanların təşkil etmələrinə baxmayaraq, imperiyanın şovinizm siyasəti nəticəsində ictimai-siyasi həyatda xristianlıq amili mühüm rol oynamağa başladı.
Sovet hakimiyyəti illərində Azərbaycanda dini qurumların fəaliyyəti xeyli məhdudlaşdırıldı və dini mərkəzlər iqtisadi bazadan məhrum edildi.
1918-ci ildə "Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında" elan olunmuş Dekretdə dövlətin və məktəbin dünyəvi olması təsdiqləndi və şəriət əsasında kəbin qadağan edildi. Kəbinə də ailə sahəsində vətəndaşlıq vəziyyətini tənzimləyən yeni mülki qanunlar tətbiq edildi. Dövlət və tədris müəssisələrində dini təbliğ etmək qadağan olundu, kütləvi elmi ateizm təbliğatı başlandı. Yüzlərlə məscidlər dağıdıldı və yaxud anbarlara çevrildi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı islamı məişət səviyyəsində qoruyub - saxlaya bilmişdi.
Belə bir şəraitdə 1925-1928-ci illərdə Məkkə, Kərbəla və Məşhəd şəhərlərini 500-600 nəfər azərbaycanlı ziyarət etmişdi. Bunu XX əsrin 20-ci illərində kommunistlərin müsəlmanlara liberal münasibəti ilə izah etmək olar. Bununla bərabər, həmin illərdə mədrəsələrdə şəriətin tədrisi qadağan olunmuşdu.
Kütləvi ateizm təbliğatına və Sovet vətəndaşlarının sosial-mədəni həyatında dəyişikliklərə baxmayaraq, islam öz mövqeyini saxlamaqda davam edirdi.
Hələ XX əsrin əvvəllərində Şərqdə ilk dünyəvi dövlət olan Azərbaycan Cümhuriyyəti (1918-1920) Şərqin bütün müsəlman dövlətləri arasında ilkin vicdan azadlığı elan etmişdi.
Bu gün bu ənənəni müstəqil Azərbaycan Respublikası davam etdirir. Ümummilli Lider Heydər Əliyev islam dəyərlərini yüksək qiymətləndirərək demişdir: "İslam dini başqa dinlərə həmişə hüsn-rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb, biz hər bir millətə mənsub olan insana və hər dinə hörmətlə yanaşmışıq. Bu Allahın əmridir, bu, bizim Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə tövsiyəsidir".
Əxlaqi və milli dəyərlər islamla sıx bağlıdır. İslam milli sərhədləri aşaraq, beynəlxalq əhəmiyyət daşıyır, müxtəlif xalqları vahid bayraq altında birləşdirir, xalqlar arasında qarşılıqlı yardım və xeyirxahlıq hissləri aşılayır. Bu prinsiplər ümumdünya mədəniyyətinin formalaşmasına xidmət edir.
İslamda yaxşı sifətləri əxlaqi keyfiyyətlər, pisləri isə rəzil (alçaq) sifətlər adlandırırlar. Belə ki, əgər insanın əməlləri yaxşı sifətlərdən təsirlənmiş olarsa, onu əxlaqi gözəllik, yox əgər rəzil sifətlərdan bəhrələnmiş olarsa, onu əxlaqi çirkinlik deyə qəbul edirlər.
Əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi, əməli təcrübə və çalışmalar lazımdır. İlk növbədə, fəzilətli və rəzil xüsusiyyətləri müəyyənləşdirmək, insanın şəxsiyyətindən və həqiqi məqamından xəbərdar olmaq, sonra isə nəfsi-əmmarə (pis işlərə sövq edən qüvvə) və mübarizə aparmaq lazımdır. Əgər mübarizə olmasa, insan nəfsani (heyvani) ehtiraslara qalib gələ bilməz. Bu döyüş meydanından qələbə ilə, başucalıqla çıxmayan insanlar nəfsin fəzilət və gözəlliklərindən məhrumdurlar. Belələri qiyamət və hesab günü ziyan çəkənlərdən olar, necə ki, "Qurani-Kərim"də buyurulur: "O gün ki, nə mal-dövlət, nə də övladlara fayda verər! Ancaq sağlam (təmiz, daxildə şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmaya) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!"
Əxlaqi məsələlərin hər bir hissəsini özünəməxsus bəhsə malik olan müxtəlif nəzəriyyələr əsasında araşdırmaq olar. Biz burada yalnız olardan ən əhəmiyyətlisinə işarə edirik:
1.Nəzər əxlaq və ya əxlaq fəlsəfəsi,
2. Tətbiqi əxlaq və ya əxlaqi-müqarin,
3.Əməli əxlaq və ya əxlaqi-üslub.
Nəzəri əxlaqda əxlaq fəlsəfəsi, yəni əxlaqın bünövrə və əsasından, yaxşılıq və pisliklərin meyarından bəhs olunur. Əxlaqın nisbi və mütləq olması, təbii gözəllik və çirkinliklər, fayda və ziyanlar bu bölmənin diqqət mərkəzində durur.
Tətbiqi əxlaqda müxtəlif nəzəriyyələr müqayisə edilir, onları araşdırdıqdan sonra ölçü və prinsiplərinə uyğun olaraq, aralarından ən yaxşısı seçilir.
Əməli əxlaqda ədəb - ərkan və davranış əsas yer tutur. Bir sözlə, islam ənənələri əsrlər boyu, Azərbaycanın milli-mənəvi dəyərlər sisteminə daxil olaraq etiqad, həyat tərzi, əxlaq, mədəniyyət kimi böyük və mühüm rol oynamışlar.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru