MİA

  • 52 050

İnsanın azadlıq hüququ

image

Hər hansı bir fərd azadlığın müəyyən dərəcəsinə malikdir. Azadlıq fərdin öz davranışı ilə şüurlu-iradi seçim imkanı və qabiliyyətidir. O, insanın xarici şəraitdən müəyyən müstəqilliyini irəli sürür. Azadlığın mürəkkəb fenomen oldugu onun strukturunun təhlilində daha aydın üzə çıxır. O, məzmunca nə qədər genişdirsə, struktur etibarilə də bir o qədər çoxşaxəli və çoxpilləli xarakter daşıyır.

Müxtəlif elmlər, öz predmeti baxımıdan yanaşmaqla, onu müvafiq struktur bölgülərinə ayırırlar. Bu mənada, onun bütün elmlər tərəfindən qəbul edilmiş vahid struktur təlimi, demək olar ki, yoxdur. Sözügedən məsələyə sosial-fəlsəfə baxımdan nəzər saldıqda, insanın tələbatları, maraqlarına və arzularına uyğun surətdə aktiv və müstəqil fəaliyyət göstərmək qabiliyyətinin müxtəlif pillələri və tərəfləri əsas götürülür (əlbəttə ki, cəmiyyətin buna yaratdığı şərait və real imkanlar daxilində).
Azadlıq çoxsəviyyəli və çoxölçülü hadisə olduğundan, onun sosial-fəlsəfı mövqedən araşdırılmasını sistemli təhlil metodologiyası əsasında aparmaq məqsədəuyğundur. Sistemli obyekt üçün zəruri olan aşağıdakı xassələr - keyfiyyət müəyyənliyinə malik olma, digər obyektlərdən fərqlilik və nisbi müstəqillik, daxili məzmun etibarilə geterogenlik (yəni daxilən yekcins deyil, rəngarəng olma), inteqral səciyyəyə malik olmaq azadlığa da məxsusdur.
Azadlığı sistem kimi təhlil edərkən, aşağıdakı məsələləri araşdırmaq tələb olunur: onun quruluşunu nəzərdən keçirmək, onu təşkil edən komponentləri seçib ayırmaq, bütöv tam daxilində onların yerinə yetirdiyi funksiyaları müəyyənləşdirmək, azadlığı bütöv bir tam kimi qoruyub-saxlayan və təkrar istehsalını təmin edən hissələrinin qarşılıqlı surətdə bir-birilə vasitələnməsi prosesini açmaq, bu prosesin öz inkişafının mümkün olan impulslarını üzə çıxarmaq.
Azadlığın digər insani keyfiyyətlər (iradə, məsuliyyət, seçim, dəyərlər və s.) ilə əlaqələri haqqında çoxlu yazıların olmasına baxmayaraq, bu anlayışın hərtərəfli sistemli təhlili, demək olar ki, verilməmişdir. Halbuki bu fəlsəfi fıkrin qarşısında duran (xüsusilə də, sosial fəlsəfənin) ən mühüm vəzifələrdəndir. Onun həlli azadlığın həqiqi mənasının açılmasına və müasir dövrdə onun məzmununda əmələ gələn yeniliklərin sistemləşdirilməsinə böyük köməklik göstərə bilər.
Qeyd olunmalıdır ki, azadlıq son dərəcə mürəkkəb, çoxsəviyyəli və çoxölçülü sosial fenomen olduğu üçün, onun struktur bölgülərinin müəyyən edilməsi, bir sıra metodoloji və elmi çətinliklər törədir. Başlıca çətinlik bundadır ki, bu məsələdə hər hansı bir göstəricidən çıxış etmək (elmi baxımdan, nə qədər mötəbər olsa belə) kifayət deyildir. Yalnız çoxsaylı, kompleks meyarlar tətbiq etməklə, azadlığın struktur bölgülərini hərtərəfli araşdırmaq mümkündür.
Digər sistemli obyektlərdə olduğu kimi, azadlığın strukturunun təhlilində də, birinci növbədə, onun subyektini və obyektini müəyyənəşdirmək zəruridir. Bu onunla izah edilir ki, azadlığın hansı xarakter və istiqamətdə olmasından asılı olmayaraq, onda bu struktur komponentlər vardır və azadlığın strukturunun təhlili baxımından, çox mühüm rol oynayır. Subyekt və obyektin mahiyyəti haqqında ümumfəlsəfi müddəalar burada da tətbiq olunur. Lakin burada onların iki başlıca özünəməxsusluğu mütləq nəzərə alınmalıdır. Birinci odur ki, təbiətdəkindən fərqli olaraq, cəmiyyət hadisələri və proseslərində subyekt ilə obyekt, demək olar ki, eynidir, yəni insanlar sosial həyatın həm obyekti, həm də subyektidir. Obyekt ilə subyektin bu cür çulğalaşmış olması, heç şübhəsiz ki, azadlıq anlayışında da özünü göstərir. İkinci özünəməxsusluq, insan şüurunun fəal təbiətə malik olmasından, bütün fıkir aktlarının psixiki aktivliyin digər formalarının məqsədyönlü xarakterindən irəli gələn məsələlərə bağlıdır. Bu, əsas etibarilə, onda ifadə olunur ki, şüurun sosial davranışda başlıca tənzimləyici rolu azadlıqda daha güclü şəkildə özünü göstərir. Bununla yanaşı, nəzərdə tutulmalıdır ki, insanın daxili aləmi ilə bağlı proseslərdə, yəni şüur insanın öz daxili yaşantılarını öyrənməyə yönəldikdə, öyrənilən predmet (yəni şüurun halı) ilə dərk edən subyekt bir-birilə qovuşmur və bir-birindən fərqlənir.
Azadlığın sözügedən (binar) ikili strukturunda birinci tərəf, yəni subyekt rolunu insan oynayır. Bu halda, azadlığın kimin tərəfindən icra olunduğu başa düşülür. Lakin azadlığın subyekti daxili məzmun etibarilə bəsit olmayıb, bir çox növblərə malikdir. Bu, o deməkdir ki, azadlığın subyekti kimi ayrıca bir fərd (şəxsiyyət), müəyyən kollektiv və ya sosial birlik forması, milli-etnik birlik, bütövlükdə xalq, cəmiyyət və hətta bəşəriyyət də çıxış edə bilir.
Azadlığın obyekti dedikdə, onun yönəldiyi tərəf, sahə başa düşülür. Azadlığın subyekti kimi, obyekti də mürəkkəb məzmuna malikdir, yəni o, bütövlükdə, cəmiyyət həyatı və ya onun konkret sahəsi və insanlar arasında münasibətlər kimi ifadə oluna bilir. Bununla yanaşı, insanın daxili aləmi, mənəviyyatı və vicdanı da müəyyən halda azadlığın obyektinə çevrilə bilər. Nəhayət, azadlığın obyekti dedikdə, insanın fəaliyyətinin bütün istiqamətləri - iqtisadi, sosial, siyasi, mədəni və sair) başa düşülür.
Fəlsəfə elmləri doktoru professor Qərib Allahverdiyev göstərir ki, azadlığın daxili məzmununun təsnifatını verərkən, hər şeydən əvvəl, onun həcminə görə aparılan aşağıdakı bölgünü qeyd etmək zəruridir: a) insanın təbiət qüvvələri və prosesləri üzərində ağalığı, yəni onlara münasibətdə müstəqilliyi və azadlığı; b) fərdin və müxtəlif birlik formalarında təmsil olunmuş insanların, mövcud cəmiyyətin sosial münasibətlər sisteminə nəzərən götürülən müstəqilliyi; c) insanın özü üzərində ağalığı, yəni insanın, sözün həqiqi mənasında, daxilən müstəqil olması, öz hərəkət və davranışını sərbəst idarə etməsi.
Birincı, azadlığın təzahüretmə sferasına görə iki yerə (təbii və sosial) ayrılması deməkdir. Burada insan və cəmiyyət ilə təbiət arasındakı münasibətlərin səviyyəsi, sosial mövcudluğun təbii şəraiti, sosiumun ətraf mühitlə əlaqələri məsələləri öz əksini tapır. Azadlığın ikinci növü isə sırf sosial məna daşıyır və insanlar arasında müxtəlif növ münasibətləri tənzimləyir. O, insanın sosial səciyyəsi ilə, bilavasitə bağlı olduğundan, xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, təbii azadlığın rolu aşağı salınmamalıdır. Belə ki, müasir elmi-texniki inkişaf şəraitində texnogen amillərin ətraf mühitə pozucu təsiri surətlə artır, cəmiyyətin və insanın normal həyat fəaliyyətinin əsasını təşkil edən təbii şəraitin və ətraf mühitin qorunması məsələlərinin (həm də onlara münasibətdə azadlıq ilə bağlı tərəfləri) həlli zəruri olur.
Sosial azadlıq da daxili məzmun etibarilə yekcins deyildir. İnsan fəaliyyətinin bütün konkret sferaları və sahələri onun tərəfləri kimi çıxış edir.
Nəhayət, azadlığın üçüncü növü də çox mühüm əhəmiyyət kəsb edir. Buraya insanın öz hissləri və ehtiraslarını cilovlaya bilməsi, hərəkət və davranışlarında öz nəzarətini həyata keçirməsi, onlara kənardan baxmaqla, qiymətləndirmək məharəti, bir sözlə, özünü müstəqil tənzimləmə ilə bağlı bütün məsələlər daxildir.
Növbəti bölgü azadlığın yönəlmə istiqaməti meyarı üzrə aparılır. Belə yanaşdıqda, azadlığın neqativ və pozitiv növlərini bir-birindən fərqləndirirlər. Bu bölgünün meyarı aksioloji səpgini ifadə edir, yəni azadlığı dəyərlilik baxımından qiymətləndirir. Neqativ azadlıq dedikdə, kimdən və nədən azad olmaq məsələsi birinci yerdə durur. Belə yanaşdıqda, insanın təbiətin kortəbii qüvvələrindən, sosial istismardan, milli zülmdən, köhnəlik qalıqlarından, mənəvi nöqsanlardan azad olması və sair əsas götürülür.
Azadlığın ikinci növü - pozitiv -azadlıq daha mühüm olub, insanın müxtəlif həyat fəaliyyəti sahələrində öz daxili iradəsini təsdiq etməsi və zənginləşdirməsi deməkdir. Deməli, azadlığa təkcə inkari və mənfi planda yanaşmaq doğru deyildir. Onda həm də insana öz mahiyyət qüvvələrini reallaşdırmağa imkan verən müsbət və pozitiv tərəf çox mühüm yer tutur. Bu münasibətdə vaxtilə K.Marksın irəli sürdüyü aşağıdakı fıkir ədalətli görünür: "İnsan azadlığı bu və ya digər inkari qüvvənin təsirindən yaxa qurtarmaq kimi deyil, öz həqiqi fərdiliyini təzahür etdirmək üçün istifadə etdiyi müsbət qüvvənin nəticəsi kimi özünü göstərir".
Azadlığın strukturunda daxili və xarici (subyektiv və obyektiv) səpgilər, xüsusilə, mühüm yer tutur. Qeyd olunan bölgünün əsası aşağıdakından ibarətdir: insanın praktiki fəaliyyəti gedişində azadlıq birdən-birə təzahür etmir, əvvəlcə fərd öz azadlığını subyektiv surətdə dərk edir, sonra isə müəyyən şərait və imkanlar çərçivəsində onu həyata keçirir. Fərd öz hərəkətlərini və məqsədini müəyyən edərkən, mövcud obyektiv zərurətə arxalanır. Daxili yetkinlik və dərinlik səviyyəsi meyarı üzrə yanaşdıqda, azadlığın bu növləri bir-birindən fərqlidir. Xarici azadlıq daha çox obyektiv şərait və dövlətin hüquq sistemi vasitəsilə təmin olunan azadlığı və məcburiyyət azadlığını əks etdirir. Başqa sözlə deyilsə, o, insanların davranış və hərəkətlərinin üzdə olan zahiri tərəflərini qanunlarla tənzimləyir. Bu, çox vacib olsa da, kifayət deyildir. İnsan azadlığının çoxtərəfli və çoxölçülü xarakterini açarkən, onun obyektiv tərəfı ilə yanaşı, subyektiv səpgisinə xüsusi diqqət yetirilməlidir. Bu, həm də ona görə zəruridir ki, söhbət xarici məcburi qüvvələrin təhriki ilə deyil, məhz subyektin öz daxili əqidəsindən hasil olunan könüllü azadlıqdan gedir. Belə azadlıq isə, öz mahiyyətinə görə, özünüdərk edən subyektin azadlığı və müstəqilliyi kimi çıxış etdiyindən, xüsusilə, mühümdür. Daxili azadlıq insanın sosial mahiyyəti ilə, bilavasitə bağlıdır. O, insanı şüura, iradəyə və zəkaya malik mövcudat kimi səciyyələndirir. Daxili azadlıq insanın mənəvi dünyasından irəli gələn keyfiyyətləri ifadə edir. Bu mənada, E.M.Penkovun aşağıdakı fikri ilə razılaşmaq olar: "Daxili azadlıq insanın məqsədyönlü və məqsədəmüvafiq fəaliyyəti prosesində insan şüurunun seçici və razılaşdırılmış aktivliyi kimi təzahür edir. O, insanın bu və ya digər situasiyada müstəqil seçim etmək, qərar qəbul etmək və onlan konkret davranış aktında həyata keçirmək imkanını göstərir".
Daxili azadlıq, insanın məqsədyönlü fəaliyyəti gedişində onun şüurunun, iradəsinin və mənəvi qüvvələrinin birgə təsiri altında baş verən spesifik seçim aktivliyi deməkdir. O, müstəqil seçim etmək, qərara gəlmək və onu yerinə yetirmək imkanını əks etdirir. Daxili azadlığın özü mürəkkəb mexanizmə malikdir. Onun struktur bölgüsünün ilk mühüm tərəfini seçim azadlığı təşkil edir. Əslində, seçim azadlığı o deməkdir ki, fərd müxtəlif imkanlardan birinin üzərində dayanmaqla, özü daxilən, kənar təsir olmadan, öz fəaliyyəti və davranışının istiqamətini müəyyənləşdirir.
Daxili azadlığın tərkibində aşağıdakılar, xüsusilə, mühüm yer tutur: a) bu və ya digər konkret halda, hərəkət etmək variantlarının, imkanlarının dərk olunması, yəni nəticə etibarilə obyektiv zərurətin başa düşülməsi b) dərk olunmuş zərurətin və imkanların öz şəxsi əqidəsi, vicdanı, şəxsi və ictimai dəyərləri və normativ oriyentasiyalar ilə müqayisə edilməsi və uyğunlaşdırılması; c) iradənin təzahür etdirilməsi, yəni müvafiq seçim etmək və qərara gəlmək (məsuliyyəti nəzərə almaqla; ç) qəbul olunmuş qərarı öz iradəsinə uyğun olaraq reallaşdırmaq, yəni sözün geniş mənasında, obyektiv aləmdə özünü təsdiq etməyə və reallaşdırmağa cəhd göstərmək. Bu tərəflər bir-birindən ayrılıqda deyil, sıx qarşılıqlı əlaqədə çıxış edir.
Beləliklə, daxili azadlıq aşağıdakılardan təşkil olunur: dərketmə azadlığı, seçim azadlığı, iradə azadlığı, özünütəsdiqetmə azadlığı və məsuliyyət.
Daxili azadlıq insanın mənəvi yetkinlik səviyyəsi, dünyagörüşü və əqidəsi ilə daha sıx bağlı olduğundan, o, insanın həyat fəaliyyətində müstəsna dərəcədə boyük rol oynayır. O, həm də insanı, lazım gəldikdə, müəyyən hərəkətlərdən çəkinməyə və özünü məhdudlaşdırmağa təhrik edir. Sonuncu keyfiyyət insanın sosial mahiyyətinin çox mühüm göstəricisidir. İnsanın fəaliyyətində təkcə daxili azadlıq deyil, həm də xarici azadlıq mühüm yer tutur. Bu, həm də onda ifadə olunur ki, daxili azadlıq çox vaxt xarici azadlıq vasitəsilə təzahür edir. Məsələn, insanın daxili azadlıq göstəriciləri (mənəviyyatı, əqidəsi, vicdanlılığı və sair) onun digər insanlarla əlaqələrində, habelə, təbiətə və ətraf mühitə münasibətlərində (deməli, xarici azadlıq keyfiyyətlərində) aşkara çıxır. Lakin bu sadə yolla və bilavasitə, baş vermir, fərd tərəfındən sözügedən keyfiyyətlərin dərk olunmasından başlayaraq, onun mövcud şəraitdə obyektiv reallaşmasına qədər müxtəlif mərhələlərdən keçən prosesi ifadə edir. Daxili və xarici azadlığın qarşılıqlı təsirdə olduğunu, insanların davranışı və fəaliyyətini tənzim edən əxlaqla hüququn vəhdətində də görmək olar. Birinci daha çox daxili azadlıqla, ikinci isə xarici azadlıqla əlaqəlidir. Əxlaqın və hüququn artmaqda olan yaxınlığı, özünün adekvat ifadəsini azadlığın bu formalarında da tapır.
Deyilənlər sübut edir ki, azadlığın daxili (subyektiv) və obyektiv (xarici) formaları ayrılmaz əlaqələrdə və vəhdətdə çıxış edir. Onları bir-birinə qarşı qoymaq doğru deyildir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər