MİA

  • 35 673

Azərbaycanda qadın-kişi bərabərliyinin vəziyyəti

image

Respublikada fəaliyyət göstərən siyasi qurumların strukturunu araşdırma zamanı, məlum oldu ki, bu qurumlar müxtəlif adlara malik olsalar da, öz işlərini bir qədər fərqlənən nizamnamələr əsasında qururlar. Təbii ki, hər bir partiyanın yaranmasının tarixi yolu malik olduğu sosial baza, cəmiyyətdə baş verən kəskin sosial, iqtisadi, siyasi dəyişikliklər, ictimai-siyasi şüur, siyasi mədəniyyət səviyyəsi də siyasi partiyaların formalaşması prosesinə əsaslı surətdə təsir edir.Siyasi proses və hadisələrdə mühüm əlamətlərdən biri kişi və qadının bərabərliyinə riayət edilməsidir. Məsələnin məğzi beynəlxalq qanunvericilik aktlarında, eləcə də, milli reallığı əks etdirən sənədlərdə əks olunmuş müddəa və məxəzlərin əməli həyata təsbit olunmasıdır. Qeyd edək ki, əksərən nəzəriyyə ilə praktika biri-birinə əks-mütənasib olur, yazılmamış qanunlar yazılmış qanunları üstələyir. Məhz bu zaman meydana çıxan bir qisim problemin mövcudluğu məsələnin həllinə maneçilik törədir.Bunlardan birincisi, qadının öz sosial rolunu tələb olunan kimi yerinə yetirmək imkanında ola bilməməsi (ailə yükü, təlim-tərbiyə, təhsilə, eləcə də, ev işlərinə məsuliyyət borcu), ikincisi isə milli özünüdərkdə adət-ənənələrin yeniliyi qəbul etməsi labüdlüyüdür. Bu, əvvəla, insanlığın yaşam tərzinin hərtərəfli bərqərar olması ilə qadının da cəmiyyətdə yer tutması prosesini tənzimləmiş olur. Artıq inkişaf etmiş müxtəlif texniki-məişət vasitələrinin, yardımçı olan təsisatların artması da burada böyük rol oynayır. Kişilərin psixoloji yönümlə həyata baxış tərzinin dəyişməsi isə ikinci qisim məsələlərin ümumbəşəri dəyərlərin beynəlxalq inkişaf səviyyəsi ilə uzaqlaşdırılmasından ibarətdir.Respublikada kişi-qadın hüquq bərabərliyi konstitusiyada xüsusi maddə ilə təsbit olunduğundan, qadının cəmiyyətdə tərəqqisinə rəsmi olaraq sədd yoxur. Məhz bu səbəbdən də, siyasi qurumların öz Nizamnamə və Əsasnaməsində kişi-qadın bərabərliyi zəminində müstəsnalıq yoxdur. Burada maraqlı bir fakt reallığın əksini göstərir. Ölkə əhalisinin çox hissəsini təşkil edən qadınların siyasi partiyalarda da müəyyən qədər çəkisi var. Lakin araşdırmalar nəticəsində müəyyənləşir ki, ali rəhbərlik tam heyətdə kişilərin çoxluğu, qadınların sayı barmaq sayı nisbətindədir. Belə mütənasiblik həddi siyasi tarazlaşmada cinslərin bərabərhüquqluq nöqteyi-nəzərdən özünü artıq göstərməkdədir. Digər maraqlı bir fakt da siyasi qurumların da daxilində qadınların öz xüsusi birlik və şuralarının yaranmasıdır. Ölkənin aparıcı partiyalarında qadın qurumlarının bir və ya iki nümayəndəsi ali rəhbərlikdə səs hüququ tutursa, bu, qadınların siyasiləşməsinin passivlik əlamətidir.Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində, ictimai-siyasi sabitlik bərqərar oldu, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində real addımlar atıldı. Bununla da, Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə mühüm mövqelər qazanan müstəqil tərəfdaşa çevrildi.Azərbaycan Respublikasının Yeni Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə hüquqi islahatların təməli qoyuldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyası, məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə, ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul edildi. Konstitusiyamızda da Bəyannamənin ruhuni uyğun olaraq, insan hüquq və azadlıqlarının təsbitinə xüsusi önəm verilmişdir. Belə demək olar ki, yeni, müstəqil dövlət olan Azərbaycan Respublikası demokratiya və insan hüquqlarının bir-biri ilə qırılmaz bağlılığını əsas götürərək və demokratik-hüquqi dövlət qurmağı ən ümdə vəzifələrdən biri hesab edərək, insan hüquqlarının müasir konsepsiyasını ölkə konstitusiyası səviyyəsində tanımış və onun adekvat normativ əsasını yaratmışdır.Heydər Əliyevin bəşəriyyətin şah damarı qadına, onun müdafiəsinə yönəlmiş diqqəti Dünya Qadın Hərəkatçılarının qəbul etdiyi hüquq sənədlərinə hörmətinin, onları dəstəkləməsinin həyati bir misalı - 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Bütün Dünyada Beynəlxalq Qadın İli kimi elan edilməsi hadisəsinə dünya xəritəsində kiçik, lakin parlaq bir ulduz olan Azərbaycan Respublikasının ictimai həyatında geniş əks-səda doğurmasıdır. Bu zaman Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Bəyanatı ictimaiyyətin diqqət mərkəzinə çatdırıldı. Bəyanatda deyilirdi:"Kişilər və qadınlar arasında hüquq bərabərliyinə nail olmalı;

- ölkənin iqtisadi, siyasi, ictimai və mədəni həyatında qadınların rolunun yüksəldilməsinə kömək etməli;

- xalqlar arasında dostluq və əməkdaşlığı inkişaf etdirməli, sülh və ictimai tərəqqi uğrunda mübarizədə onların fəal iştirakına köməklik göstərilməli".

Beynəlxalq Qadınlar İli cəmiyyətdə qadının rolunun yüksəldilməsinə, bir çox ölkələrdə hələ də qadınlara qarşı ayrı-seçkiliyin tətbiq edilməsini göstərməyə, qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması haqqında 1969-cu ildə BMT Baş Məclisinin qəbul etdiyi bəyannamənin mütləq yerinə yetirilməsinə diqqəti cəlb etməyə imkan verəcəkdir.Azad Azərbaycan qadınının bugünkü ictimai-siyasi problemlərindən danışarkən, respublikamızın qarşılaşdığı sosial-iqtisadi məsələlərə də öz münasibətini bildirən Ulu Öndər Heydər Əliyev demişdir: "Mənim sizə bir neçə tövsiyələrim də var, əgər vaxt imkan verirsə, onları demək istəyirəm. Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıram. Bir arzum da var. Çalışın öz intizamlılığınızı, dözümlülüyünüzü və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz.Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür, ola bilər, hakimiyyət orqanlarında istədiyiniz yeri tutmamısınız, amma cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də çox kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfakeş və sizin kimi də sədaqətli olsunlar".Bu fikirlərdə respublikamızın qadınlarının hüquq və azadlıqlarının, onların kişilərlə bərabər hüquqa malik olmalarının əsas mənbəyini görmək heç kəsə çətin olmaz. Bu fikirlər insan şüurunun, insan qəlbinin ən dərinliklərində kökləri olan məramını, niyyətini, məqsədini, bütövlükdə ruhda, canda olan ideyanı tam açıqlıqla əks etdirir. Həm də bu fikirlər fəlsəfi məna daşıyır.Ulu Öndər Heydər Əliyev Cənablarının ağıllı, mətanətli, gözəl mənəviyyatlı qadınlarla görüşləri, onların fikirləri ilə yaxından tanışlığının məntiqi mənası Azərbaycan xalqının milli mənafeyinə söykənən dövlət siyasətinin tərkib hissələrindən biri və həm də çox əhəmiyyətli, dəyərli bir hissəsi "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" 06.03.2000-ci il tarixli Fərmanının tarixi zərurət kimi meydana çıxması idi.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Dövlət-Qadın siyasətinin həyata keçirilməsi haqqında" adlı Fərmanında qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilir, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilirdi.Bu Fərmanda da qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması və gender tələblərinin rəhbər tutulması kimi vəzifələr irəli sürülürdü.Beynəlxalq aləmə inteqrasiya və demokratik yolla gedərək hüquqi dövlət quruculuğunda burada qeyd edilmiş maddələrin çox böyük əhəmiyyəti var. Bu Fərmanda respublikamızda gedən əsaslı islahatlar çərçivəsində qadın problemlərinin həlli öz ifadəsini tapmışdır. Fərmanda göstərilən maddələrdə qadınların kişilərlə bərabər hüquqlarının həyata keçirilmə mexanizmi dolğun və məzmunlu şəkildə öz əksini tapmışdır.Yeri gəlmişkən, onu da qeyd edək ki, 2001-ci ilin 18-31 iyul tarixində Cenevrədə BMT-nin keçirdiyi "İnsan hüquqlarının müdafiəsi və təşviqi"nə həsr edilmiş xüsusi Sessiyada bu Fərman İnsan Hüquqlarının Müdafiəsi sahəsində görülən işlər içərisində təqdirəlayiq bir addım hesab edilərək, bütün iştirakçılara paylanmışdır.Yekun olaraq, onu qeyd edək ki, Azərbaycanda siyasi qurumlarda uzun illər hərəkatda olan güclü tərəfin çox zaman zərif qanada müəyyən keçmiş xidmət müqabilində yer verməsi ilə nizamlanır və buradaca mütəxəssis kimi gərəkli olanın keçmişdə olmayan xidmətsizliyi paralelləri ilə üzləşirlər. Bu kimi hal, nəinki qadınlar, həm də kişilər üçün də xarakterikdir. Quruculuq prosesi mexanizmi, idarəetmə bacarığı, savad səviyyəsi yüksək olanları qəbul etmək lazımdır. Baş alıb gedən müxtəlif səmtli sosial təbəqələşmə amilləri müqabili ilə bahəm artıq günü-gündən güclənməkdə olan kişi-qadın bərabərliyi artıq reallaşmaqdadır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər