Əsas

  • 4 495

İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

image

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin müavini Həsən Səffariyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki dost və müsəlman ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdən danışan Əli Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkib.

Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.

Əsl dostluğun, qardaşlığın çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş nazirin müavini Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara ("Hilal Əhmər") Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirərək qeyd edib ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.

O, həmçinin bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Dünyada gedən proseslərə toxunan Əli Həsənov deyib: "Dünyada müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneə törədilib. Ancaq buna baxmayaraq, bu ölkələr həmişə bir yerdə və həmrəy olmalıdır. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz. Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-İslam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Bu il Prezident İlham Əliyev Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib. Məhz elə bu günlərdə tolerantlığın və multikulturalizmin mərkəzi olan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə ölkəmizdən bütün dünyaya sülh, həmrəylik və birlik mesajı göndərilir".

Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Həsən Səffariyə sabit və inkişaf edən, tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini diqqətə çatdırıb. Dünyanın 14-ə yaxın ölkəsində təşkilatın klinikalarının olduğunu deyən qonaq gələcəkdə Azərbaycanda fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə Tehran Qırmızı Aypara Xəstəxanasının direktoru Həmid Çubine, onun müavini Haşimi Nəzəri Seyid Səid və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Seyid Bəhmən Sobhani iştirak ediblər.

Digər xəbərlər