Əsas

  • 4 749

Arzu Əliyeva: “Tour d’Azerbaidjan”ı qəbul etməkdən qürur hissi duyuruq

image

Planetin nüfuzlu idman kanalı "Eurosport"da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturuna həsr olunmuş süjet yayımlanıb. AZƏRTAC xəbər verir ki, videomaterialda ölkəmizə gəlmiş xarici qonaqların, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın fikirləri yer alıb.

"Tour d’Azerbaidjan"ın rəsmi aparıcısı, Böyük Britaniyadan olan Marti Makqrossanın sözlərinə görə, bu, olduqca möhtəşəm bir yarışdır. Veloturun bir-birindən maraqlı mərhələləri və qalibləri var: "Azərbaycan turu idmançıların inkişaf nöqteyi-nəzərindən olduqca vacibdir. Baxın, görün nə qədər gənc velosipedçi bu yarışda iştirak edir. Əlbəttə ki, Azərbaycanda velosiped idmanının inkişafında bu yarış mühüm rol oynayır".

ABŞ-ın "İlluminate" komandasının meneceri Kris Conson deyir ki, Azərbaycana gəlib güclü komandalara qarşı mübarizə aparmaq onlar üçün böyük motivasiyadır. Ən önəmlisi isə bu yarış idmanın insanları bir araya gətirmək istiqamətində necə böyük əhəmiyyət daşıdığının göstəricisidir: "Məşğul olduğumuz idman növü müxtəlif mədəniyyətləri bir araya gətirir. Dünyanın müxtəlif ölkələrindən idmançılar məhz Azərbaycana toplaşır və bu, gözəl haldır".

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, ölkəmizin kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in qarşısına qoyulan əsas məqsədlərdən biri odur ki, heyətin əsasını azərbaycanlı idmançılar təşkil etsin. Məhz bu amil yerli velosipedçilərin ustalıq səviyyəsinin artmasında önəmli rol oynayır.

"Tour d’Azerbaidjan-2017"nin qalibi və ən yaxşı dağ velosipedçisi, Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov: "Bu fantastik bir hissdir, onu sözlə ifadə etmək mümkün deyil. Doğma ölkəmizdə, gözəl paytaxtımızda qalib gəldik. Ümid edirəm ki, ölkəmizdə velosiped idman növü bundan sonra daha da inkişaf edəcək. Çünki bizim güclü idmançılarımız var və komandamız yüksəlişdədir.

"Tour d’Azerbaidjan"ın sonuncu mərhələsini canlı izləyən Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva "Eurosport"a verdiyi müsahibəsində deyib ki, əldə olunan nəticə olduqca yüksəkdir və hamı bununla fəxr edir: "Dünyanın bir çox ölkəsindən insanları bir araya gətirmişik. Bu hamı üçün gözəl bir imkandır və bayram ab-havası hər yerdə hiss olunur".

Arzu Əliyeva qeyd edib ki, idman olduqca vacib bir sahədir və bu cür tədbirlər gənc nəslin marağına səbəb olur: "Bu cür yarışı qəbul etməkdən qürur hissi duyuruq və bunu davam etdirəcəyik".

Digər xəbərlər