Əsas

  • 18 212

IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib

image

Mehriban Əliyeva: "Azərbaycan növbəti tarixi qələbəyə imza atdı"

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı.

Bu gün "Bakı-2017"nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası bu on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyir: "Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq".

Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.

Statistikaya nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. "Bakı-2017"ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.

Türkiyə ikinci (194 medal), İran üçüncü (97 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.

IV İslam Həmrəyliyi Oyunlarının dünya şöhrətli "Betty Productions Ltd" tərəfindən hazırlanan və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə reallaşdırılan bağlanış mərasimi də olduqca maraqlı və zəngin təəsüratlarla yadda qaldı.

Bağlanış mərasimində 1500 könüllü çıxış edib. Daha sonra Stadionda Yaşar Baxışın "Əbədi birlik" əsəri səslənib. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, "Bakı-2017" Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamlayıblar. Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, Kral Filarmonik Orkestrinin ifasında səsləndirilən dövlət himnimizin sədaları altında dirəyə qaldırılıb. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.

Daha sonra idmançıların paradı başlayıb. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olublar. Paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayıb. Tamaşaçılar Oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayıblar. Bu mərasim "Amarok" qrupunun ifasında "Naxçıvan halayı" ilə müşayiət olunub.

Xatırladaq ki, yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalar, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017" Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub. Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar. İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri. İslam aləminin idmançıları. Xanımlar və cənablar. Hörmətli qonaqlar. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə xoş gəlmişsiniz!

Əziz həmvətənlər, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları ölkəmizlə bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!"

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, daha da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir: "Gəlin hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun!

Əziz dostlar! Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı. İdmançılar, mən sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm və İslam aləminin tamaşaçılarına verdiyiniz sevincə görə sizə təşəkkürümü bildirirəm! Bu sizin Oyunlar idi və sizin idman yarışlarında çıxışınız onları möhtəşəm etdi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş xatirələrinizi bütün həyatınız boyu əziz tutacaqsınız".

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yeri tutaraq bizi bir daha fərəhləndirdi: "Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəsilə ən parlaq nümunə kimi xidmət edəcək. Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq. Mən xalqlar arasında həmrəylik əlaqələrini gücləndirən İslam aləminin idmançılarını Bakıda salamlamaq üçün yaratdığı fürsətə görə İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Bu Oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi".

Mehriban Əliyeva qeyd edib ki, paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir: "Bütün dünyadan gəlmiş qonaqlarımız özünün qədim irsinə və ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin - Azərbaycanın zəngin mədəniyyəti və məşhur qonaqpərvərliyi ilə tanış oldular. Dünyanın ən gözəl şəhərlərindən birində, Bakıda sizi görməkdən məmnun olduq. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə arzulayırıq. Əziz könüllülər, çox sağ olun! Qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər Bakı-2017-nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram!"

Birinci vitse-prezident əlavə edib: "Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik. Bu yay Formula 1 Azərbaycan Qran-Pri turniri, sentyabr ayında qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək. 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq. Bakı-2017 Oyunlarının başa çatdığı bir anda mən bu möhtəşəm tədbirdə iştirak etmiş hər bir şəxsə, idmançılara və tamaşaçılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirmək istəyirəm. Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq! Beləliklə, mən qürur hissi ilə IV İslam Həmrəyliyi Oyunlarını bağlı elan edirəm. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!"

Mikrofon önünə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser keçir. O vurğulayıb ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə "Bakı-2017"yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi çıxışını bu sözlərlə tamamlayıb: "Dörd ildən sonra "İstanbul 2021" Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!"

***

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endiriblər. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, "İstanbul-2021" İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib. Türkiyənin dövlət himni - "İstiqlal marşı" səsləndirilir və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılıb.

Tünzalə Ağayevanın ifasında "Sürət - 2017 Azərbaycan Qran-Prisi" mahnısı səslənib. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edib. Müğənni "Birlik" konsertini "Bakı-2017" könüllülərinə həsr olunmuş "Salam Bakı" himni və "Mən Azərbaycanlıyam" mahnısı ilə yekunlaşdırıb. Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Digər xəbərlər