Əsas

  • 28 991

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb

image

Mayın 30-da Nazirlər Kabinetində Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun MAPS Missiya (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə dəstək) ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT missiyasının rəhbəri Ben Sley nümayəndə heyəti ilə iştirak edib.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərindən ibarət qlobal proqramına qoşulub. Azərbaycan hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin edilməsi bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər həyata keçirib. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində çox fəal tərəfdaşlardan biri olacaq.

"Son 10-12 il ərzində Azərbaycanın iqtisadiyyatı 3,5 dəfə artıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bütün bunları yeni bir şəraitdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün müəyyən edilmiş 2015-2030-cu illərdə yenidən təkrarlayıb, Azərbaycan iqtisadiyyatının və hökumətin inkişafını daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik", - deyə Ə.Əhmədov vurğulayıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Qarşıdakı illərdə bu cür əməkdaşlıqların yaradılması və möhkəmləndirilməsi əsas məqsəd və vəzifələrdən biridir.

Görüş zamanı Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və ofisinin verdiyi dəstək qeyd edilib. Bildirilib ki, yaranan səmərəli əməkdaşlıq modeli mühüm tədbirlərin həyata keçirilməsində çox ciddi dəstəkdir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT missiyasının rəhbəri Ben Sley Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı daim Azərbaycana dəstək olacaqlarını deyib, səmərəli tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Daha sonra 2017-ci ilin Yüksək Səviyyəli Siyasi Forumu üçün Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasının cari vəziyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə əlaqədar mövcud vəziyyət və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün gələcək addımlar barədə müzakirələr aparılıb.

Digər xəbərlər