Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam verilib

Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nə tez-tez səfərlər təşkil edir. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi ziyarət edirlər.

AZƏRTAC xəbər verir ki, memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Lakin son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb.
Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.
Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.