Xəbərlər

  • 4 111

Beynəlxalq birlik Zəhra üçün ədalət tələb edir

image

Azərbaycanlı körpə Zəhranın öldürülməsi Ermənistanın terrorçu və işğalçılıq siyasətini bir daha açıq bəyan etdi

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi, xüsusilə, uşaqları məqsədyönlü şəkildə hədəfə alması Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması, bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin, Uşaqların Hüquqlarına dair və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Ermənistan Respublikası və onun rəhbərliyi bu beynəlxalq cinayətə görə birbaşa məsuliyyət daşıyır. Dünya dövlətləri və beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə laqeyd qalmayaraq, mövqeylərini kəskin şəkildə ifadə edirlər. Dünya mətbuatı da susmur. Bir-birinin ardınca dərc olunan məqalələrdə bəşəriyyəti narahat edən məsələyə münasibətlər bildirilir. İran, Avstriya, Almaniya, İndoneziya, İspaniya və digər dövlətlərin mətbu orqanlarında iyulun 4-də Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində, baş verən dəhşətli faciədən danışılır. Ermənistan tərəfinin azərbaycanlı mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı, işğalçıların zəbt edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğu qeyd olunur. “Yerusəlim Post” qəzetinin səhifələrində dərc olunan yazıda da elə Ermənistanın növbəti təxribatı diqqətə çatdırılır. İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki gərginlik: Azərbaycanlı qız və nənəsi - erməni vəhşiliyinin qurbanı kimi” adlı məqaləsində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı qeyd edilib.
İsrail eksperti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rol oynayan ATƏT-in münaqişənin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətinə toxunub, münaqişəylə bağlı BMT TŞ-nin 4 qətnaməsinə Ermənistan tərəfinin əməl etmədiyini vurğulayıb. Məqalədə, həmçinin, 2016-cı il aprel ayında cəbhə xəttində Ermənistan ordusunun təxribatı haqda məlumat verilib və bildirilib ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu cür əməllərlə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini ortaya qoyur. “Ermənistan siyasi dairələri münaqişənin həllində maraqlı deyillər. Cəbhə bölgəsində baş vermiş son qanlı hadisə, bir daha onu göstərir ki, status-kvonun dəyişdirilməsi labüddür. Dünya birliyi günahsız insanların ölümünə göz yummamalıdır. Beynəlxalq birlik Zəhra üçün ədalət tələb etməlidir”-deyə məqalənin sonunda bildirilir.
İspaniyanın böyük oxucu kütləsinə malik olan “La Razon” qəzetində dərc olunan “Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir” adlı məqalədə də iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən dəhşətli faciədən bəhs olunur. Qəzet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinad edərək, Ermənistan silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olduğunu, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini vurğulayır. Gürcüstanın newpress.ge və nsp.ge saytları da Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar xəbərlər yayıb. Materiallarda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində, yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
Göründüyü kimi, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətləri dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganə qala bilmir və Ermənistanın təcavüzkar siyasətini faktların dili ilə diqqətə çatdırırlar.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər