Xəbərlər

  • 3 509

Baş nazirin müavini Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

image

İyulun 11-də Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetində Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovla görüşüb. Görüşdə Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Özbəkistan və Azərbaycan dost ölkə olaraq və tammiqyaslı tərəfdaşlığa sadiqliklərini təsdiq edərək çox şaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimizin yaxınlığı ilə sıx bağlıdır. Əli Əhmədov xalqlarımız arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, dost ölkə olaraq Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verdiyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər