Xəbərlər

  • 4 515

Yeni Azərbaycan Partiyası jurnalistləri mükafatlandırdı

image

Mübariz Qurbanlı: “Yeni Azərbaycan Partiyası mətbuata daim açıq olan partiyadır”
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı partiyanın İcra Katibliyi və İdarə Heyəti adından jurnalistləri qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirib ki, “Əkinçi”dən başlayaraq milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatı həm Xalq Cümhuriyyəti, həm də sovet dövründə milli maraqlarımıza xidmət edib: “Bu dövrlərdə mətbuatımız milli düşüncənin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Eyni zamanda, mətbuatımız böyük şəxsiyyətlər yetişdirib”.
M.Qurbanlı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib: “Ulu Öndərin bu qayğısı yalnız müstəqillik illərini deyil, eyni zamanda, sovet dövrünü də əhatə edir: müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev mətbuatımızın inkişafı üçün ciddi addımlar atıb, bu istiqamətdə bir sıra qərarlar verib. Bu qayğının nəticəsidir ki, Ulu Öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb. Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayır. Azərbaycan mətbuatına dövlət qayğısı ilə bağlı konsepsiya var. Mütəmadi olaraq, jurnalistlər təltif olunur, onların sosail problemləri həll edilir, bina tikilir. Artıq jurnalistlər üçün 255 mənzildən ibarət yeni bina da istifadəyə veriləcək. Bu, dövlət başçısının mətbuatımıza və bu sahədə çalışanlara yüksək diqqətinin ifadəsidir”.
Mübariz Qurbanlı onu da bildirib ki, bu gün ölkə mətbuatı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, Azərbaycanın inkişafını, reallaşdırılan islahatları geniş şəkildə işıqlandırır və təbliğ edir: “Bu gün kütləvi informasiya vasitələri çoxşaxəli fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan mətbuatının qarşında ciddi vəzifələr dayanır. Bu vəzifələrdən ən əsası Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü və bu təcavüzün ifşa olunmasında Azərbaycan mətbuatının apardığı fəaliyyətdir”.
M.Qurbanlı bildirib ki, YAP mətbuata daim açıq olan partiyadır: “Mətbuatla təmasda partiyamız bir xətt tutub ki, bu da mətbuatla fəal əməkdaşlıqdır. Partiyamızın “Yeni Azərbaycan” qəzeti kimi mətbuat orqanı var. Eyni zamanda, “Səs” və “İki sahil” qəzetləri də YAP-ın mövqeyini ifadə edən mətbuat orqanlarıdır. Bütün bunlarla yanaşı, partiyamız digər KİV-lərlə də hansı mövqedə dayanmasından, hansı siyasi təşkilatı təmsil etməsindən asılı olmayaraq daim əməkdaşlıq edir. Həmçinin, YAP-ın internet saytı fəaliyyət göstərir və partiyamızın fəalları internet resurslarından, sosial şəbəkələrdən aktiv surətdə istifadə edirlər. Bütün bunlar bizim mətbuatla əməkdaşlığımızı daha da gücləndirməyi tələb edir. Biz mətbuatla daha geniş şəkildə təmas qurmağa tərəfdarıq. Hesab edirik ki, bu, belə də olmalıdır. Çünki mətbuat cəmiyyətin güzgüsüdür, dördüncü hakimiyyətdir”. M.Qurbanlı KİV nümayəndələrinə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tədbirdə iştirak edən jurnalistlərə mükafatlar təqdim olunub.

GÜLYANƏ

Digər xəbərlər