Xəbərlər

  • 4 993

Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir

image

Siyavuş Novruzov: “Son 5 ildə partiyaya yeni üzvlər daxil olub, partiya üzvlərinin sayı artıb”

Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq, ölkəmizdə, eləcə də Qafqaz regionunda kifayət qədər böyük nüfuza sahibdir. Belə ki, Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatında mühüm rol oynayıb, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Bu baxımdan, qeyd edə bilərik ki, hakim siyasi təşkilat olaraq, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır

Bu gün müstəqil Azərbaycanda Dahi Öndər Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

“Həm rayon və şəhər təşkilatlarının tərkibində, həm sədrliklərində dəyişikliklər edilib və bu proses davam olunur”

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın fəaliyyəti ilə bağlı mətbuata açıqlamasında vurğulayıb ki, artıq bir çox rayon və şəhər təşkilatlarında konfranslar keçirilsə də, 21 rayon və şəhər təşkilatında konfranslar ilin sonuna qədər baş tutacaq: “Bu təşkilatlarda da konfranslar ilin sonuna qədər mərhələ-mərhələ keçiriləcək. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi-texniki bazası yaxşılaşdırılsın”.
“O cümlədən, son 5 ildə partiyaya yeni üzvlər daxil olub, partiya üzvlərinin sayı artıb”-deyə qeyd edən YAP İcra katibinin müavini vurğulayıb ki, bütün bunların hamısı konfrans nümayəndələri tərəfindən nəzərə alınaraq, həm rayon və şəhər təşkilatlarının tərkibində, həm sədrliklərində dəyişikliklər edilib və bu proses davam etdirilir.

“Seçkilərdə partiyaların üzərinə çox böyük vəzifələr düşür, yəni seçki kampaniyasının təşkil olunması, təbliğat-təşviqat
işlərinin aparılması, seçici imzalarının toplanılması və digər bu kimi məsələlər var”

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, strukturlarda dəyişikliklər baş tutub, konfranslar nəticəsində 11 rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: “Ümumilikdə, Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var. Bunlardan, hələlik, 11-nin sədri konfrans nümayəndələri tərəfindən dəyişdirilib. Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunalar var və s.”
Millət vəkli qeyd edib ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar: “Siyasi partiyanın əsas funksiyalarından biri seçkilərdə iştirak etməkdir. Seçkilərdə partiyaların üzərinə çox böyük vəzifələr düşür, yəni seçki kampaniyasının təşkil olunması, təbliğat-təşviqat işlərinin aparılması, seçici imzalarının toplanılması və digər bu kimi məsələlər var. Ona görə də, partiyanın kadr bazasının hazırlıq işləri vacib şərtlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycanda beş mindən çox məntəqə seçki komissiyaları var və seçkidə iştirak edən siyasi partiya hər məntəqəyə bir nümayəndə təyin edəndə, bu beş mindən çox kadr deməkdir. Bunların hər biri öz hüquq və vəzifələrini bilməlidir. Buna görə də, bütün bu işləri həyata keçirmək üçün uzun zamana ehtiyac var. Yeni Azərbaycan Partiyası indidən bu işləri həyata keçirir”.
Beləliklə, bir daha vurğulaya bilərik ki, Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf və sosial rifahdır. Bu illər ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə, əldə edilən nailiyyətlər YAP-ın adı ilə bağlıdır və bu uğurlar Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə olaraq səciyyələndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər