Xəbərlər

  • 5 985

Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir

image

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşuğında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüksəldilməsində həlledici rola malikdir

Yeni iqtisadi çağırışlar, qlobal maliyyə böhranı, beynəlxalq bazarlarda neftin qiymətindəki kəskin dəyişikliklər fonunda yaranan iqtisadi mənzərəyə Azərbaycan Prezidenti İlham Əliyevin çevik və vaxtında reaksiyasının təzahürüdür. Məhz dövlət başçısının bu reaksiyası nəticəsində yuxarıda qeyd edilən iqtisadi situasiyanın yaratdığı təhlükə və təhdidləri dövlətimiz dəf edərək, öz iqtisadi inkişaf tempini qoruya bilib.
Heç şübhəsiz ki, iqtisadiyyatın şaxələndirilməsi, habelə, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdə nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması müstəsna rola malikdir. Bu istiqamətdə görülən işlərin əsas hədəfi Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək, tranzit yükdaşımaların həcmini və keyfiyyətini yüksəltmək, Azərbaycanın yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum yararlanmaqdır. Bu sahədə ən böyük layihə isə, heç şübhəsiz ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 3 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilib. Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi mahiyyət etibarilə, nəyinki regional, hətta qlobal bir layihədir. Üç mərhələdən ibarət layihənin tamamlanması ilə 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner daşınması nəzərdə tutulur ki, bu da, sözün əsl mənasında, Ələt qəsəbəsini regionun ən böyük nəqliyyat, transit və logistika mərkəzlərindən birinə çevirəcək. Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində Beynəlxalq Nəqliyyat Logistikası Mərkəzinin tikintisi nəzərdə tutulub. TRASEKA çərçivəsində “Beynəlxalq Nəqliyyat Logistika Mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının Nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi Beynəlxalq Nəqliyyat Logistika mərkəzi üçün əlverişli hesab edilib. Bu mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.
Ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm Nəqliyyat və Logistika Mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, habelə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb. Buna görə də, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də, limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla liman üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə, müvafiq olaraq, 33,2 milyon manat və 3,6 milyon manat olmaqla, cəmi 36,8 milyon manat vəsait ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sərəncamları, artıq onu göstərir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi, artıq həlledici mərhələyə qədəm qoyub. Hər iki Sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımi texniki imkanlarla təmin etmək məqsədi daşıyır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük perspektivi var. Ələt istər avtomobil yolu, istərsə də dəmir yolu baxımından, unikal bir qovşaq yaradır. Bura indi müasir dəniz limanı əlavə olunur. Gələcəkdə isə hava limanının inşası nəzərdə tutulur.
Bir neçə il əvvəl limanın əsas perspektivini onun, məhz Şərq-Qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yük daşıma qrafikinə nəzər salsaq, bir alternativ kimi bu marşrut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda, Avropadan Orta Asiyaya daşımalarda bu, ən cəlbedici marşrutdur.
“Səs” Analitik Qrupu

Digər xəbərlər