Xəbərlər

  • 16 905

Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran dövlətə çevrilib

image

Bu gün bütün dünyada maliyyə böhranının hökm sürdüyü sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə sabitlik məkanı adlandırılan ölkəmizdə investisiya qoyuluşlarına mühüm önəm verilir. Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən dövlətə çevrilib. Dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda təmin olunan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti yaradıb.

Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycanın investisiya mühiti investorların mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, apellyasiya şuralarının təşkili, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.
Dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar, demək olar ki, bütün ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq ölkəmizdəki yaxşı investisiya imkanları və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məsələn, ötən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyardı xarici, 3,7 milyardı isə daxili sərmayədir. Bu, bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Eyni zamanda, indiyə qədər Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 60-dan çox saziş imzalanıb. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, son 14 il ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq sərmayə yatırılıb.
Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə son 14 ildə həyata keçirilən və inşası davam etdirilən layihələrin sırasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, “Şahdəniz”, Cənubi Qafqaz kəməri, TANAP, TAP və s. var.
Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr, bir daha sübut edir ki, Azərbaycan son 14 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.
Bir sözlə, son 14 ildə Azərbaycanın sürətli inkişafı, ölkə iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi dövlətimizin qüdrətinin artmasına və beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə imkanlar açıb.

“Səs” Analitik Qrupu

Digər xəbərlər