Xəbərlər

  • 7 338

Hərbi xidmət doğma yurda bağlılıqdan, Vətən sevgisindən doğur

image

Azərbaycanda gənclər hərbi xidmətə daha həvəslə və yüksək vətənpərvərlik hissi ilə yollanırlar
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, hərbi xidmətə yollanan əsgərlərin andiçmə mərasimləri keçirilməkdədir. İşğalçı ölkə Ermənistandan fərqli olaraq, Azərbaycanda gənclər hərbi xidmətə daha həvəslə və yüksək vətənpərvərlik hissi ilə yollanırlar. Bu da onunla bağlıdır ki, Azərbaycanda Ali Baş Komandan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərtərəfli təmin edilmiş güclü ordu mövcuddur. Digər bir amil isə, əlbəttə ki, ölkəmizdə hərbi vətənpərvərlik ruhunun yüksək saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətlə əlaqəlidir.
Çünki Ulu Öndər Heydər Əliyev milli şüurun formalaşdırılması, gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik duyğularının yetərincə olması üçün bu sahəyə xüsusi diqqət yetirilməsinə hər zaman mühüm önəm verirdi, özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti sayırdı.
Ümummilli Liderimizin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tuturdu. Dahi öndərin fikrincə, gənclərimiz Azərbaycan tarixini hərtərəfli öyrənməli, keçmişi dərindən mənimsəməli, dilimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizə və ənənələrimizə sadiq qalmayan gənc vətənpərvər ola bilməz. Hər bir gənc yüksək vətənpərvərlik ruhu ilə yaşamalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, eyni zamanda, Vətəni dərin məhəbbətlə sevməkdir. Torpağa və yurda bağlı olmaqdır.
Ümummilli Liderimiz gənclərin milli vətənpərvərlik və hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi sayan Ulu Öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi önəm verirdi. Dahi şəxsiyyət gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda, biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə, gənclərdə vətənpərvərlik hissini yüksəltmək, gəncləri Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.
Yeri gəlmişkən, 1969-cu ildə Ulu Öndər respublikaya rəhbər təyin olunandan sonra Moskvanın milli siyasətinin təsiri get-gedə zərərsizləşdirildi. Milli ruhda gənclər yetişdirmək prosesinə start verildi. Gələcəyin peşəkar azərbaycançılıq ruhunda tərbiyə alan hərbçilərini yetişdirmək məqsədi ilə 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı. Azərbaycanlı gənclər SSRİ-nin ali hərbi məktəblərinə göndərildi. Ümummilli Liderimiz ikinci dəfə hakimiyyətə qayıdandan sonra da gəncliyin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verdi. O, Ali Sovetin Sədri seçiləndən sonra ilk görüşünü, 1993-cü il sentyabrın 22-də, məhz gənclərlə keçirdi. Gənclərə vətənpərvərlik ruhunun aşılanması yönündə öz konsepsiyasını irəli sürdü.
Ümummilli Liderin rəhbərliyi ilə, o dövrdə gənclər siyasətinin geniş miqyasda həyata keçirilməsi üçün bir sıra strukturlar təsis edildi. Gənclər və İdman Nazirliyi yaradıldı. Mütəmadi olaraq, gənclər forumları keçirildi. Fevralın 2-si Gənclər Günü elan olundu. Gənclərin təşkilatlanmasına, vətənpərvərlik hisslərinin gücləndirilməsinə həyati əhəmiyyətli məsələ kimi yanaşıldı. Bu, təsadüfi deyildi. Çünki Azərbaycan müharibəyə cəlb olunmuşdu. Heydər Əliyev məktəbi keçmiş Cənab İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra həmin kursu davam etdirdi. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” adlı dövlət proqramları hazırlanıb tətbiq olundu. Bu proqramların əsasında gənclərin vətənpərvərlik təbliğatının gücləndirilməsi mühüm yer tutur. Hazırda ölkə başçısı tərəfindən rayon və şəhərlərimizdə 20-dən çox gənclər mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə milli vətənpərvərliklə bağlı xüsusi klublar və guşələr yaradılıb. Bundan başqa, 2011-ci ildə Azərbaycanda Gənclər Fondunun yaradılması, 2012-ci ildə isə həmin fondun statusunun artırılaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi fəaliyyət göstərməsi heç də təsadüfi deyil. Artıq Gənclər Fondu tərəfindən dəstək verilən layihələr getdikcə artır.
Ötən müddət ərzində Azərbaycan gəncləri vətənpərvər ruhda yetişiblər. Əvvəllər bu işi yalnız dövlət görürdüsə, artıq hazırda Azərbaycan gəncləri özləri vətənpərvərliklə bağlı layihələri könüllü şəkildə həyata keçirirlər. Gənclərimiz bu gün Ulu Öndərin ideyalarını birbaşa həyata keçirən Cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da ölkəmizin təbliğini uğurla aparırlar. Gənclərimizin səsi bir çox tanınmış ali məktəblərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Ölkə hüdudlarından kənarda olsalar da, ürəkləri daim Azərbaycanla döyünür.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-baba ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu da, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib.
Artıq inamla deyə bilərik ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində deyib: “Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub-saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər