Xəbərlər

  • 3 099

Düşmənlər öz istəklərinə çatmamalıdırlar!

image

Türkiyə hökumətinin biganəliyi Azərbaycan ictimaiyyətini ciddi narahat edir
Bir müddət öncə, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstərmiş olublar. Belə ki, işğal altında olan Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hal-hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən və mövcud durumlarından pozitiv fikirlər yayırlar.
Bu amil isə əsrlər boyu qardaş ölkə olaraq qəbul edilən Türkiyənin siyasi-ictimai çəkisinə heç də başucalığı gətirmir. Daha dəqiq desək, Türkiyə hökumətinin bu 4 xəyanətkara qarşı ciddi tədbir görməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurmaqdadır.

Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün heç Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil

Digər tərəfdən, Türkiyə parlamentinin üzvü, erməni mənşəli millət vəkili Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək, prezident Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar da Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmayıb və belə görüşlər mənfi olaraq qiymətləndirilir. Məhz belə olan halda, Türkiyə hökumətinin Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünməsi təəssüf doğurur. Hətta belə qənaətə gəlinir ki, Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün heç Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil.
Söz yox ki, bu cür halların qarşısı mütləq şəkildə alınmalı və Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bənzər səfərlərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalıdır. Məhz bu cür qətiyyətli addımların atıldığı halda, gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlar bu cür qeyri-qanuni və ziyanlı addımlardan çəkinəcəklər.

Türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb!

Bu da son deyil. Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs veriblər. Bu kimi halların üst-üstə düşməsi isə erməni lobbisinin Türkiyənin ictimai-siyasi çevrələrinə yol açması ehtimallarını artırır və özündə bir sıra reallıqları açığa çıxarmış olur. Çünki Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda, erməni lobbisinin və anti-türk, anti-islam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin Türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb!
O da məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif nüfuzlu beynəlxalq qurumlarda, tədbirlərdə, konfranslarda hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də mövqe və maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı və qətiyyətli cavablar verib. Bu baxımdan, Prezident İlham Əliyevin AŞPA-dakı məlum tarixi çıxışı vurğulananların əyani təzahürüdür.
2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla devrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoymaqla, Türkiyə respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə etmişdi.
Həmçinin, ölkəmizin rəhbərliyi ilə yanaşı, Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayaraq, əsl qardaşlıq nümunəsini sərgiləyiblər. Əbəs yerə deyil ki, Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən bütün məsələlərdə Azərbaycan qardaş ölkə olaraq, öz dəstəyini əsirgəməyib. Misal üçün, 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoymaqla, Türkiyə respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə etmişdi.
Ancaq bütün bunlara baxmayaraq, bəzi türkiyəli aydınlar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradırlar. Xüsusən də, Türkiyə hökumətinin istər Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görməyəcəyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər. Bu isə, əlbəttə, arzuolunan bir hal sayıla bilməz.
Nəticə olaraq, qardaş ölkələrin bundan sonra da beynəlxalq aləmdə öz mənafelərini birgə qorumaları üçün Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin haqlı tələblərini nəzərə almalı, həmin şəxslərin cəzalandırılmaları və hüquqi qaydada məsuliyyətə cəlb edilmələri tələbinə biganə yanaşmamalıdır. Daha doğrusu, iki qardaş ölkə arasında olan minasibətlərin ruhuna uyğun hərəkət etməlidir ki, gələcəkdə bir daha eyni vəziyyətlər yaşanmasın və düşmənlər öz istəklərinə çatmasınlar.

R. RƏSULOV

Digər xəbərlər