Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən “Dəniz və quru sərhədlərinin təhlükəsizliyi və toxunulmazlığı” mövzusunda beynəlxalq simpoziumda iştirak edib. AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Qvardiyasının rəisi, vitse-admiral Avvad al-Balavi ilə görüşüb.
Görüşdə sərhədlərin toxunulmazlığı və təhlükəsizliyi, sahil mühafizəsi, sərhədçi zabitlərin təlimlərdə birgə iştirakı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, regionda və dünyada gedən proseslərin dövlətlərin sərhəd təhlükəsizliyinə təsiri məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyi istiqamətində əldə etdiyi uğurlar və bu sahədə tətbiq olunan yeniliklər haqqında qarşı tərəfə məlumat verilib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad