Xəbərlər

  • 4 704

Özbaşınalıq AŞPA-nın dağılmasına gətirib çıxaracaq

image

Azərbaycan Avropa Şurası kimi qərəzli mövqe sərgiləyən bir qurumda qalmaqda heç də israrlı deyil

Uzun müddətdir ki, Azərbaycana münasibətdə haqsızlıq və qəddarlıq nümayiş etdirdiyi üçün AŞPA-nın fəaliyyəti, həmçinin, missiyası təəccüb və təəssüf doğurur. Sanki AŞPA Avropanın maraqlarına, demokratik prinsplərə deyil, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət etmək missiyasını öz üzərinə götürüb. Parlamentarilər elə bil ki, öz fəaliyyətlərinin cəza tətbiq etməkdən ibarət olduğunu zənn edirlər. Belə olan təqdirdə, yəni heç bir öhdəliyi olmayan təşkilat kimə lazımdır və xidməti nədən ibarətdir?
Anti-Azərbaycan şəbəkəsinin aktiv dəstəkçisi kimi tanınan Yaqland öz himayədarlarından aldığı tapşırığa əsasən, ölkəmizə qarşı iki qətnamə layihəsi imzalanmasına nail olmaqla yanaşı, hətta Azərbaycanın qurumun tərkibindən çıxarılması barədə hədələr işlətməkdən də çəkinmir. Qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə, sözsüz ki, öz mənfi təsirini edir. Lakin Azərbaycan Avropa Şurası kimi qərəzli mövqe sərgiləməkdə davam edəcək bir qurumda qalmaqda heç də israrlı deyil. Əslində, Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndələrini qəbul edərkən, səsləndirdiyi ittihamlar Avropa Şurası üçün mesaj idi və bu mesajlardan nəticə çıxarmaq gərəkirdi. Amma görünür, AŞPA hələ də doğru bir qərar qəbul etmək niyyətində deyil, yaxud ermənipərəst qüvvələrin təsirindən və təzyiqindən yaxa qurtara bilmir. Uzun illərdir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir uğurlu nəticə əldə etməyən, əvəzində qərəzli kampaniyalar təşkil edən, əleyhinə haqsız qərarlar qəbul edən bir təşkilatı - Avropa Şurasını Azərbaycan tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş Ermənistan kimi işğalçı dövlətə daim himayədarlıq edən, lakin Azərbaycanın uğurlarına, demokratik prinsplərinə dəyər verməyərək təzyiq göstərməyə, nüfüzüna xələl gətirməyə səy göstərən AŞPA-nın tərkibində qalmaq, təbii ki, heç vaxt maraq kəsb edə bilməz. İnsan haqları və demokratiya Azərbaycan üçün həmişə prioritet hesab olunub və bütün bu prinsplər, Avropa Şurasına görə həyata keçirilmədiyi kimi, bu ali prinsplər bundan sonra da diqqət mərkəzimizdə olacaq. Məqsəd Azərbaycanın hüquqi-demokratik və dünyəvi dövlət olaraq inkişafını təmin etməkdən ibarət olub və olacaqdır.

Azərbaycan güclü və müstəqil dövlətdir

Məsələ burasındadır ki, Azərbaycan Avropa Şurasını tərk edəcəyi təqdirdə, digər Avropa qurumları ilə münasibətlərinin soyuyacağı istisna edilmir. Təbii ki, Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin də maraqlarına xidmət edir. Eyni zamanda, Rusiya bundan faydalanmağa çalışaraq, Azərbaycanla əlaqələrin və yaxınlığın ön plana keçməsinə çalışacaq. Amma bütün bunlara baxmayaraq, kənar təzyiqləri heç zaman qəbul etməyən Azərbaycan öz prinsipial mövqeyindən, dövlətçilik maraqlarından, ərazi bütövlüyü prinsplərindən çıxış edərək, uğurlu siyasətini davam etdirmək əzmindədir. Azərbaycan güclü, müstəqil dövlətdir və Avropa Şurasının özü Azərbaycanla əlaqələr qurmaqda ölkəmizdən daha çox maraqlıdır. Yəni Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA-nın özü üçün də çətin olacağını parlamentarilər çox yaxşı başa düşürlər. Belə bir sual meydana çıxır: illər boyu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində, yurd-yuvalarından didərgin düşmüş insanların, məcburi köçkünlərin hüquqlarının bərpası sahəsində, bir sözlə, separatizm və terrorçuluqla mübarizədə heç bir nailiyyət əldə etməyən bir təşkilat Azərbaycana, yoxsa Şərqlə Qərbi birləşdirən Azərbaycan bu təşkilata daha çox lazımdır?

Avropa ölkələri Avropa Məhkəməsinin
qərarlarını qulaqardına vurduqları halda...

Bir çox dövlətlər, ələlxüsus, Avropa ölkələri Avropa Məhkəməsinin qərarlarını qulaqardına vurur, lakin onların heç birinin üzərində təzyiq vasitəsindən istifadə edilmir və məsələlər müzakirəyə çıxarılmır. Bir çox dövlətlər öz qanunlarını daha üstün hesab etdiklərini çəkinmədən bəyan edirlər. Almaniya kansleri Angela Merkel AŞPA qərarlarını özləri üçün beşinci dərəcəli hesab etdiyini gizlətmir. AŞPA qərarları hesaba alınmır. Maraqlısı budur ki, baş katib bütün bu presendentləri lazımsız kağız qırıntıları kimi zibil qutusuna atır, amma Avropa Məhkəməsinin azərbaycanlı məhbus İlqar Məmmədovla bağlı bircə məsələsində ilişib qalıb və qərəzini gizlətməkdən çəkinmir.
“The Guardian”da 2014-cü ildə dərc olunmuş Britaniyanı Avropa Şurasının yurisdiksiyasından çıxmağa çağıran məqaləsində Yaqlandın, “Azərbaycan kimi ölkələr bundan presedent kimi istifadə edə bilər” deyə təşviş keçirməsi başa düşüləndir. Baş katib üçün düşmən mövqedə dayandığı ölkə daim Azərbaycan olub. Sanki Avropada Azərbaycandan başqa bir ölkə yoxdur və Qərb ölkələrində insan hüquqlarının pozuntusuna rast gəlmək mümkün deyil. Halbuki ən azından son Kataloniya hadisələri, küçələrə axışan insanlara qarşı zorakılıq, seçki qutularının dağıdılması və kütləvi həbslər bu fikri tamamilə təkzib edir.
Öz fəaliyyəti dövründə daim ikili standartlar siyasəti yürüdən Avropa Şurası Azərbaycanın uğurları və demokratik islahatlarını bir hesabatında da nəzərə alınmırsa, illərlə davan edən Dağlıq Qarabağ probleminin həllində heç bir müsbət nəticəyə nail olmursa, bu təşkilatda üzv dövlət olaraq qalmağın ölkəmizə nə kimi əhəmiyyəti ola bilər? Azərbaycan daim Avropa Şurası ilə münasibətlərinə həssas yanaşaraq, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığa dəyər verməyə çalışsa da, buna adekvat cavab ala bilmirsə, əksinə, daim separatçıların, terrorçuların və işğalçı qüvvələrin maraqlarından çıxış edərək, ölkəmizə təzyiq göstərmək məqsədilə ikili standartlar siyasəti sərgilənirsə, bu qurumun tərkibindən uzaqlaşmaq heç bir narahatlıq döğurmur.

İnam HACIYEV

Digər xəbərlər