Xəbərlər

  • 4 433

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

image

Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün mətbuat konfransı olub. Jurnalistlərin suallarını cavablandıran şeyxülislam Allahşükür Paşazadə dünyada nə dinlər, nə də dindarlar arasında münaqişələrin olmadığını diqqətə çatdırıb. Bildirib ki, belə konfransların keçirilməsində əsas məram da dinlərin birgə fəaliyyəti, əməkdaşlığı ilə din adından məkrli, siyasi məqsədlər üçün sui-istifadənin, dünyadakı terrorların, müharibələrin qarşısının alınmasına yardım etməkdir.
Daha sonra konfrans öz işinə başlayıb. Konfransı açan “Evsen Group”un rəhbəri Əli Evsen tədbirin əhəmiyyətindən danışıb.
İspaniyanın ədliyyə naziri Rafael Katala Polo bu tədbiri sülhə inamın artmasına daha bir addım kimi qiymətləndirib. O qeyd edib ki, sülhü bərqərar etmək təkcə hakimiyyətin və dövlətin işi deyil, sivil cəmiyyətlər də bunun üçün çalışmalıdırlar. İspaniya qanunvericiliyi bütün dinlərin işbirliyində olmasını təbliğ edir. Bu ölkədə daim xristianlar, müsəlmanlar və yəhudilər mehriban şəraitdə yaşayıblar. Təəssüf ki, bəzən mənfi hallarla rastlaşırıq, lakin bu, ümumi mənzərəyə zərər vurmur.
İsrailin sosial bərabərlik naziri Gila Gamliel insanları birləşdirən dəyərlərdən bəhs edib. O vurğulayıb ki, İsrail hökuməti Suriyadakı müharibədən əziyyət çəkənlərə 1 milyon dollar məbləğində yardım edib. Madrid arxiyepiskopu Antonio Mariya Rouko Varela isə çıxışında din xadimlərinin dünyada sülhün bərqərar olunmasındakı rolundan danışaraq bu işin əslində hansı məsuliyyətləri daşıdığını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfrans iştirakçılarına, İspaniya xalqına və dövlətinə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdıraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Mötəbər tədbirdə müxtəlif dini konfessiyaları təmsil edən dəyərli şəxsiyyətlərlə birlikdə olmağın, fikir mübadiləsi aparmağın çox xoş olduğunu deyən şeyxülislam Allahşükür Paşazadə son zamanlar dünyada baş verən faciəvi hadisələrin dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verdiyindən təəssüfləndiyini vurğulayıb. O bildirib ki, törədilən silsilə terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Lakin yaşanan böhranlara baxmayaraq, hələ də dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlərin mövcud olduğunu qeyd edən şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin ümumi, bəşəri məramlara xidmət etdiyini xatırladıb. Bu, tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.
“Dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycan mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanınır. İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva edən “İslam Həmrəyliyi İli” bu baxımdan gözəl fürsət kimi dəyərləndirilməlidir. Dünyanın aparıcı dini mərkəzlərinin liderlərinin ünsiyyətləri də bu mərama xidmət edir. İstər dünya katoliklərinin lideri Zati-müqəddəsləri Roma Papası Fransiskin, istər Moskva və Ümumrusiya Patriarxı Kirill həzrətlərinin Azərbaycanı ziyarətləri, burada kilsə və məsciddə keçirdikləri görüşlər dinlərarası dialoq prosesinə verdikləri önəmin bariz nümunəsidir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib. Bütün problemlərin fövqündə duran sülhün qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığının vacib olduğunu vurğulayan şeyxülislam A.Paşazadə uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırmasını zəruri hesab edib. QMİ sədri bildirib ki, separatizmdən uzun illər əziyyət çəkən xalq olaraq, biz dünyanın müxtəlif nöqtələrində zühur edən separatizm kabusunun bütün formalarını qətiyyətlə pisləyirik. Şeyxülislam qeyd edib ki, Azərbaycan dünyada bütün dövlətlərin, o cümlədən İspaniyanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ölkəmizin 20 faiz ərazisinin Ermənistanın işğalı altında olması nəticəsində xalqımız soyqırımına məruz qalmış, milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, məscid, kilsə, sinaqoq və qəbiristanlıqlarımız məhv edilmişdir. Təbii ki, Allah evlərinə, müqəddəs dəyərlərə belə münasibət sərgiləyənlərə heç bir bəraət ola bilməz. Bununla belə, Azərbaycan xalqı uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında ədalətli sülh yolu ilə həllini istəyir. Bu əsnada, bu yaxınlarda erməni katalikosu II Qareginlə üçtərəfli görüşün təşkilatçısı olan Rus Pravoslav Kilsəsinin münaqişənin sülh yolu ilə həlli yönündə vasitəçilik missiyası yüksək dəyərləndirilib.
İsrailin baş sefard ravvini Şlome Moşe Amar terrorla mübarizə üçün dini konfessiyaların birliyinin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında İslam həmrəyliyi ideyasını günün aktual ideyası adlandırmaqla yanaşı, bunun heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlmədiyini vurğulayıb. Burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının bütün fakültələrində multikulturalizm fənninin tədris edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var və burada dünyanın bütün dinləri ilə bağlı dərslər keçirilir. Bundan başqa, universitetdə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir, İslam dini ilə yanaşı, digər dinlərlə bağlı maraqlı tədqiqatlar aparılır. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov isə çıxışında Madriddə keçirilmiş tədbirin əhəmiyyətini bir daha vurğulayıb, insani dəyərlərin vacibliyini önə çəkib.
Konfransda Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini Arximandrit Filaret, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov, İspaniyanın keçmiş daxili işlər naziri Xorxe Fernandez Diaz, İspaniya Müsəlmanları Cəmiyyətinin sədri Riay Tatari Baki çıxış ediblər.
Tədbir çərçivəsində mövzuya uyğun rəsm əsərinin təqdimatı olub. Konfrans iştirakçılarına Evsen Fondunun prezidenti Əli Evsenin müəllifi olduğu “İnsanlıq tarixi” kitabı, həmçinin ötən il Madriddə “Multikulturalizm İli” ilə bağlı keçirilmiş birgə beynəlxalq konfransın materiallarını əks etdirən nəşr paylanılıb. Tədbirin rəyasət heyətində təmsil olunan şəxslərə səmavi dinlərin birliyini simvolizə edən rəmzi xatirə hədiyyələri təqdim olunub. Konfransda dinlərarası ortaq Memorandum imzalanıb.

Digər xəbərlər