Xəbərlər

  • 5 004

Ekspertlər Metsamor AES-i təhlükə mənbəyi hesab edirlər

image

Avstriya Teleradiosunun (ORF) internet saytında Metsamor AES-in vəziyyəti ilə bağlı geniş məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, “Metsamor AES-lə bağlı davamlı tənqid” adlı məqalədə Fransanın “Le Monde Diplomatique” qəzeti, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatları, Vyana Ekologiya İnstitutu və İqtisadiyyat və Enerji üzrə Alman Federal İdarəsinə istinadən AES-lə bağlı ümumi mənzərə canlandırılıb, onun hazırkı vəziyyəti və region üçün təhlükəsinə dair faktlar və məlumatlar yer alıb.Məqalənin giriş hissəsində paytaxt Yerevandan avtomobillə cəmi bir saatlıq məsafədə yerləşən Metsamor AES-in seysmik həssas zonanın “düz ortasında” inşa edildiyi diqqətə çatdırılır. Qeyd edilir ki, AES-dən bir neçə kilometr məsafədə Ərəb və Avrasiya tektonik plitələrinin toqquşma zolağı keçir və bu toqquşma yüksək seysmik aktivliyə səbəb olur. Ermənistan hökumətinin AES-in tektonik zonadan 19 kilometr məsafədə yerləşməsini rəsmi şəkildə iddia etməsinə baxmayaraq, regionda zəlzələ riskinin hansı səviyyədə olması sual altındadır. “Green Unions of Armenia” qeyri-hökumət təşkilatı Ermənistan hökuməti tərəfindən hələ 1992-ci ildə sifariş verilmiş araşdırmaya istinadla bildirir ki, risk zonası Metsamor AES-in lap yaxınlığından, cəmi yarım kilometr məsafədən keçir. Lakin bu araşdırma heç zaman geniş ictimaiyyətə açıqlanmayıb və Ermənistanın energetika nazirliyi bu məsələdə heç bir açıqlama vermək istəmir.
Ermənistanın milli atlasında yer alan məlumatlara görə, Metsamor AES-in 45 kilometr radiusunda yerləşən regionda bizim eranın IX əsrindən bəri 5,5-7,5 bal gücündə təqribən 20 zəlzələ baş verib və 25 min insanın həyatına son qoyan sonuncu ən güclü zəlzələ isə ötən əsrin sonuna təsadüf edir. Ermənistan rəsmilərinin həmin zəlzələ zamanı AES-ə heç bir zərərin dəyməməsi barədə iddiaları isə nə jurnalistlərə, nə də ekspertlərə inandırıcı gəlməyib. Lakin AES-in problemləri təkcə onun tektonik zonada yerləşməsi ilə bitmir.
Daha sonra qeyd edilir ki, qonşu dövlətlər olan Azərbaycan və Türkiyə ilə problemlərə görə blokada şəraitində qalan Ermənistan enerji təminatında Metsamor AES-dən əl çəkmək fikrində deyil. Rəsmi məlumatlara görə, 1993-cü ildən bəri AES-in texniki təchizatına 100 milyon avro vəsait cəlb olunsa da, reaktorlar üzərində qəza baş verdiyi halda radioaktiv şüaların ətrafa yayılmasını əngəlləyən təhlükəsizlik çənbərləri mövcud deyil. BAEA ekspertlərinin 2015-ci ildə həyata keçirdikləri yoxlamada çoxlu sayda texniki qüsur və çatışmazlıqlar aşkarlanaraq, nəzarət və təhlükəsizlik üçün 60-dan artıq tövsiyəni əhatə edən kataloq tərtib edilib. Nüvə ekspertlərinin əsas narahatlığı isə Ermənistanın bütün beynəlxalq tələbləri həyata keçirmək üçün kifayət qədər maliyyə resurslarına malik olmaması və ölkənin enerji təminatını nüvə reaktorları olmadan təsəvvür edə bilməməsidir.
Məqalədə Avropa İttifaqının da bu AES-in şəbəkədən ayrılmasında maraqlı olduğu qeyd edilir. Hətta AES-in fəaliyyətinin dayandırılacağı təqdirdə Aİ-nin Ermənistana təxminən 100 milyon avro məbləğində yardım təklifinin də qəbul olunmadığı göstərilib. Avstriya Ekologiya İnstitutu isə hələ 2001-ci ildə Metsamor AES-i Avropadakı ən təhlükəli AES kimi dəyərləndirib.
Bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan nüvə enerjisindən əl çəkmək fikrində deyil. 2009-cu ildə ölkənin enerji tələbatının 45 faizi, hazırda isə 31 faizi Metsamor AES hesabına ödənilir. Bununla belə, ölkə nüvə qəzası baş verəcəyi fövqəladə hallara qətiyyən hazır deyil. Yeganə təhlükə mənbəyi təkcə istismar müddəti ötmüş AES deyil, nüvə tullantılarının saxlanma şəraiti də gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Tullantıların saxlandığı çəlləklərin sıradan çıxması asanlıqla ətraf mühitdə radioaktivliyi yaya bilər.
Sonda bildirilir ki, hökumət bütün xəbərdarlıqlara baxmayaraq, Metsamor AES-in istismar müddətini 2026-cı ilədək uzadıb. AES-in əhatə dairəsində paytaxt Yerevan da daxil olmaqla bir milyondan artıq insan yaşayır. AES-lə bağlı fövqəladə hallara dair fəaliyyət planı olmayan Ermənistan hökuməti ilk növbədə region üçün böyük təhlükəyə göz yumur.

Digər xəbərlər