Xəbərlər

  • 3 761

Ötən il Azərbaycan əhalisinin sayı 0,8 faiz artıb

image

Ötən ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq dekabrın 1-nə 9890712 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.
Yanvar-noyabr aylarında ölkədə 52318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. 2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57177 nikah və 13345 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

Digər xəbərlər