Xəbərlər

  • 3 890

Qafar Cəbiyev: “Azərbaycan Prezidentinin Sərəncamı özəl televiziya kanallarına qayğının daha bir təzahürüdür”

image

Azərbaycan Prezidentinin özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı bir daha göstərdi ki, telekanalların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin diqqətindən kənarda deyil. Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib.

Qafar Cəbiyev deyib ki, dövlətimizin başçısının Sərəncamı özəl televiziya kanallarının fəaliyyətinin təkmilləşdirilməsinə daha bir dəstəkdir. 2011-ci ildə özəl televiziyalara 5 milyon, 2013-cü ildə isə 6 milyon manat vəsait ayrıldı ki, bu da telekanalların milli film və serialların çəkilməsi işinə dəstək oldu. Həmin vaxtdan etibarən Azərbaycanda xeyli filmlər, seriallar çəkilib və hazırda telekanallarımızda nümayiş olunur. Bu dəfə dövlətimizin başçısının özəl yayım şirkətləri üçün üç milyon manat vəsait ayırması isə kanalların “AZƏRSPACE”ə və digər dövlət qurumlarına borcunun ödənilməsinə kömək məqsədi daşıyır.
Sərəncamda da qeyd olunduğu kimi, qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir. Özəl telekanallar dövlət qurumlarına borclarını ödəməklə yanaşı, tamaşaçı auditoriyasını genişləndirmək üçün verilişlərinin keyfiyyətini artırmalıdırlar. Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruridir.

Digər xəbərlər