Əli Əhmədov İran səfirini qəbul edib

Fevralın 9-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov İran İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib. SİA-nın məlumatına görə, Əli Əhmədov Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetinin dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək olduğunu və bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirməyə nail olmağı qarşıya hədəf qoyduğunu qeyd edib.
Baş nazirin müavini yaxın qonşularımızdan olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasının, əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə səmimi qəbul üçün təşəkkürünü bildirib, münasibətlərimizin təməlində tarixi əlaqələrin, ortaq mədəniyyətin dayandığını, bunun da inkişafda olan bugünkü əlaqələrimizin rəmzi olduğunu deyib. Səfir iki ölkə arasında dostluq və əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Qonaq fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının möhtəşəm 6-cl Qurultayı ilə bağlı təbriklərini də çatdırıb.