Xəbərlər

  • 3 658

Bir il əvvəl komaya düşən idmançı "Pxençan-2018"də medal qazanıb

image

Təxminən bir il əvvəl məşq zamanı yıxılaraq komaya düşən kanadalı snoubord idmançısı Mark Makmorris "Pxençan-2018" Qış Olimpiya Oyunlarında bürünc medal qazanıb. SİA xəbər verir ki, o vaxt ağaca çırpılaraq ağır xəsarət alan və zədələnərək uzun müddət yaşamaq uğrunda mübarizə aparan kanadalı snoubord idmançısı Cənubi Koreyanın Pxençan şəhərində təşkil edilən Olimpiya Oyunlarında ilk üçlükdə yer alaraq gözlənilməz uğura imza atıb.

Bu hadisədən sonra idmana qayıdışı mümkünsüz görünən 24 yaşlı atlet olimpiadada snoubord yarışlarının sloupstayl növündə 85,20 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.O zaman Makmorris dağda həmin dəhşətli hadisə baş verdikdən 1,5 saat sonra tapılaraq helikopterlə xəstəxanaya çatdırılan gənc idmançının bədənində 16 sınıq, o cümlədən qolunda, qabırğasında, çənəsində, çanağında sınıqlar və ağ ciyərin əzilməsi aşkarlanmışdı. Koma vəziyyətinə düşən Makmorrisin üzərində iki dəfə cərrahiyyə əməliyyatı aparılmışdı.İdmançı başına gələn hadisənin ağır avtomobil qəzasına bənzədiyini bildirərək deyib: "Məşq zamanı havada müxtəlif idman fəndləri yerinə yetirərkən qəflətən ağacın üstünə düşdüm. Ağaca çırpıldıqdan sonra tərpənə bilmirdim. Xilasediciləri uzun müddət gözlədim və sonra yaşamaq uğrunda mübarizə apardım. Daha snoubord idmanı ilə məşğul ola bilməyəcəyimi və öləcəyimi düşünürdüm".İndi kanadalı snoubordçu zədələnməkdən qorxmur. Ötən il baş vermiş qəza ona idmanda yüksəliş yollarının asan olmadığını daha yaxşı öyrədib: “Bu hadisənin təkrarlanmasından ehtiyat etmirəm. İki əvvəl də bud sümüyüm qırılmışdı. Son bir neçə ildə ağır zədələr aldığımdan qazandığım hər hansı medalın mənim üçün necə dəyərli olduğunu anlamaq mümkündür. Mən indi bu idmanı daha çox sevirəm. Digər tərəfdən mənə çətin günlərimdə dəstək olan və dağa dönüb snoubordla məşğul olmaq üçün ilham verən azarkeşlərim qarşısında böyük məsuliyyət hiss edirəm".Rusiyada 2014-cü ildə təşkil edilən Soçi Qış Olimpiya Oyunlarında da bürünc medal qazanan Makmorris 2013-cü ildə snoubord üzrə dünya çempionatında gümüş, ötən ilin noyabrında Çində keçirilən dünya kuboku mərhələsində isə qızıl medala yiyələnib. O, bir il əvvəl snoubord üzrə dünya reytinq sıralamasında ilk pillədə yer almışdı.Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarına yeni və gənc auditoriyanı cəlb etmək üçün belə sərbəst hərəkət idman növlərini proqrama daha çox daxil edir. Bu idman növləri ona görə populyardır ki, snoubordçular havada inanılmaz atletizm fəndləri və hərəkətləri yerinə yetirirlər. Ancaq buna baxmayaraq, snoubord çətin idman növüdür və burada zədələnənlər çox olur. Belə ki, Olimpiya Oyunlarına yolu həkimlərdən keçən Mark Makmorris kimi çoxsaylı atletlər var.

sia.az

Digər xəbərlər