Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazanıblar

Gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak ediblər. SİAAzərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə 11-16 yaşlı gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış edərək qızıl medal qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25,850 xalla Portuqaliya və 23,800 xalla Böyük Britaniya təmsilçiləri qərarlaşıblar. Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qadın qrupumuz isə yeniyetmələrin final yarışlarında 12-ci yerdə qərarlaşıb.Belçikada keçirilmiş ilin ilk dünya kuboku yarışında mübarizə aparan Seymur Cəfərov-Murad Əkbərov cütlüyü və Abdulla Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü yarışların finalında yeddinci yeri tutublar.Moskvada isə bədii gimnastika üzrə Qran-Pri yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük yarışlarında hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə qərarlaşıb.Xatırladaq ki, Moskvada keçirilmiş və Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq lisenziya əldə edib.

sia.az