“Pxençan-2018”də daha iki rekord qeydə alınıb

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının 11-ci günündə - fevralın 19-da üç dəst medal sahibini tapıb. SİA-nın məlumatına görə, “Ağ Olimpiada”da iki rekord qeydə alınıb. Norveçli Hovar Lorentsen 500 metr məsafəyə konkisürmə yarışlarında Olimpiya, kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moyr isə dünya rekordunu yeniləyiblər.Kişi cütlüklər arasında bobsley yarışlarında Kanada idmançıları qızıl medal qazanıblar. Almaniya idmançıları yarışı ikinci, Latviya təmsilçiləri isə üçüncü pillədə başa vurublar.Kişilər arasında xizəklə böyük tramplindən tullanma üzrə komanda yarışlarında Norveç idmançıları 1098,5 xalla bütün rəqiblərini qabaqlayıblar. Almaniya xizəkçiləri gümüş, Polşa təmsilçiləri isə bürünc medala sahib olublar.Kişilər arasında 500 metr məsafəyə konkisürmə yarışlarında norveçli Hovar Lorentsen 34,41 saniyə göstərici ilə Olimpiya rekordunu yeniləyərək qalib adını qazanıb. Koreya Respublikasından olan atlet Ça Min Kyu gümüş, Qao Tinqyu isə bürünc medala sahib olublar.Kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moyr Pxençanda keçirilən Olimpiya Oyunlarında buz üzərində rəqslərin qısa proqramında balların sayına görə özlərinə məxsus olan dünya rekordunu yeniləyiblər. Virçu və Moyrun çıxışları 83,67 balla dəyərləndirilib. Qısa proqramda bundan əvvəlki rekorda - 82,68 bala cütlük 2017-ci ilin oktyabrında Kanadada keçirilən Qran-Pri seriyası mərhələsində imza atıb.“Ağ Olimpiada”da on birinci gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 11 qızıl, 9 gümüş və 8 bürünc medal var. Ümumilikdə 27 ölkədən idmançılar medalçılar arasında yer alıblar.Almaniya (10-6-4) ikinci, Kanada (6-5-6) üçüncü, Niderland (6-5-2) dördüncü, ABŞ (5-3-2) isə beşinci pillədə qərarlaşıb.

sia.az