Xəbərlər

  • 5 389

Milli Məclisin növbəti plenar iclasında 24 məsələyə baxılıb

image

Martın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Sonra qanun layihələrinin müzakirəsinə başlanılıb.
Əvvəlcə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, Konvensiya 2005-ci il noyabrın 23-də qəbul edilib. Dörd fəsil, 25 maddədən ibarət sənəd bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq ticarətin dövlətlər arasında dostluq münasibətlərinin təşviqinin mühüm elementi kimi dəyərləndirilməlidir. Sənəd səsvermə yolu ilə qəbul edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəlikdəki növbəti 13 məsələ eyni qovluqda Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanlanıb.
Bu məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Əvvəlcə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya qanunu barədə məlumat verən komitə sədri bildirib ki, sənəd “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bu dəyişikliklər I qrup əlil olmuş, səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan indiki və sabiq ombudsmanların pensiya təminatına aid ediləcək. Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Əli Hüseynli Seçki Məcəlləsində, “Milli Məclis deputatının statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” sənədlərdəki dəyişiklikləri şərh edərək onların da oxşar xarakterli olduğunu bəyan edib. Bu layihələrdə olan dəyişikliklərin də “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli Qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədar olduğu vurğulanıb. Qeyd olunub ki, dəyişikliklər özündə bir sıra kateqoriyadan olan insanların imtiyazlı pensiya hüququ əldə etməsi üçün müddətin 10 il artırılmasını ehtiva edir. Əvvəl bu müddət 25 il olub, indiki Qanunla isə 35 il müəyyən edilir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Əli Hüseynli Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə təqdim edib. Sənədlər ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiqlənib.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda edilən dəyişikliklərin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə müvafiq hüquqların verilməsi ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Prezidentin müvafiq Fərmanına əsasən MİDA səlahiyyət dairəsində olan ərazilərdə yaşıllıqların bərpasına və götürülməsinə nəzarəti həyata keçirə biləcək. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.
Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlərlə əlaqədar birgə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki sənəd uyğunlaşdırma xarakteri daşıyır. “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi ilə bağlı 2017-ci il 16 may tarixli Qanuna əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Xaricdə dini təhsil almış vətəndaşlar da müvafiq icra hakimiyyəti orqanı (Qafqaz Müsəlmanları İdarəsi, Din Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin idarə olunmasında iştirak edə bilərlər. Məcəlləyə bu Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədi şərh edib. Komitə sədri qeyd edib ki, qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2017-ci il 25 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Sənəd daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarına dair çıxarışın hüquq sahibinin istəyi əsasında ona kağız formada təqdim edilməsini, yaxud elektron imza ilə təsdiqləməklə elektron üsulla əldə etmək imkanının təmin edilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqlənib.
Sonra Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanunda və Ticarət Gəmiçiliyi Məcəlləsində edilən dəyişiklikləri şərh edib. Bildirilib ki, hər iki sənəddə nəzərdə tutulan dəyişikliklər “İpoteka haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında 2017-ci il 2 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar uyğunlaşdırma məqsədilə aparılıb. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini ikinci oxunuşda şərh edib. Komitə sədri bildirib ki, sənəddə redaktə xarakterli bəzi düzəlişlər aparılıb. Əsaslı dəyişikliklər isə azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işinə, sərhəd rejiminə, əmək qaydaları və mübahisələrin həllinə, qurumların qərarlarının icrasına dair maddələrdə edilib. Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı, “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub.
Deputatlar Əli Məsimli, Aydın Hüseynov, Mirzəcan Xəlilov sənədin dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanaraq kifayət qədər mükəmməl hazırlandığını, ölkəmizdəki iqtisadi qurumların tövsiyələrinin nəzərə alındığını vurğulayıblar. Qeyd olunub ki, qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir. Sənəd əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
İclasda əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, sənəd sahibkarlığın inkişafını daha da gücləndirmək üçün nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta borcları sahibkarlığın inkişafına ciddi əngəl törədir. O deyib ki, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyon manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir mənfi təsir göstərməyəcək. Sənəd səsvermə yolu ilə qəbul edilib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Digər xəbərlər