Xəbərlər

  • 2 958

Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

image

Martın 19-da Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub.
Tədbirdə yuxarıda adları qeyd olunan qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Seminar-müşavirəni açan MSK sədri Məzahir Pənahov deyib ki, seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün çatdırılması çox vacib məsələdir. Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. Azərbaycanda kütləvi informasiya vasitələri seçkilərlə bağlı kifayət qədər təcrübə toplayıb, jurnalistlər peşəkarlaşıblar. Mərkəzi Seçki Komissiyası da media ilə birgə işləməyə hər zaman xüsusi diqqət göstərir.
MSK sədri prezident seçkilərində səsvermənin 5600-dən artıq məntəqədə keçiriləcəyini söyləyib. O deyib ki, ümumi seçici siyahısına daxil edilmiş seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Artıq kifayət qədər beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri də var. Büronun 280 qısamüddətli müşahidəçisi səsverməyə bir neçə gün qalmış Azərbaycana gələcək. Eyni zamanda, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar seçkilərin şəffaf təşkili baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək mümkün olacaq. Əminik ki, bu praktika əvvəlki seçkilərdə olduğu kimi, 11 aprel prezident seçkilərində də özünü yüksək səviyyədə doğruldacaq. Bütün bunlar siyasi iradənin təzahürüdür. İstənilən demokratik ölkədə şəffaf seçkinin keçirilməsi üçün qanunvericilik bazası ilə, atılan addımlarla yanaşı, siyasi iradə də vacib şərtdir.
Azərbaycanın kütləvi informasiya vasitələri indiyə qədər öz işlərinin öhdəsindən layiqincə gəlib. İnanıram ki, bu seçkilər zamanı da jurnalistlər özlərini xalqına xidmət edən bir qurumun nümayəndələri kimi hiss edəcəklər. Azərbaycanda seçki ilə bağlı əldə olunan nailiyyətlərdə KİV-lərin böyük rolu var.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov seminar-müşavirədə çıxış edərək deyib ki, ölkəmizdə keçirilən seçkilərin bütün mərhələlərində kütləvi informasiya vasitələri mühüm rol oynayır. Hər bir seçki üç mərhələdən ibarətdir: təşviqataqədərki mərhələ, təşviqat dövrü və bilavasitə səsvermənin başlanması, keçirilməsi və nəticələrin elan olunması. Hər bir dövr üçün Seçki Məcəlləsində kütləvi informasiya vasitələrinin rolu, vəzifələri, məsuliyyəti göstərilir. Bu seminar-müşavirədə Seçki Məcəlləsinin tələbləri, onun müəyyən etdiyi məsuliyyət diqqətə çatdırılacaq.
Əli Həsənov qeyd edib ki, bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı mühüm obyekt və subyektlər var. Birincisi, namizədlər və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini ictimaiyyətə kütləvi informasiya vasitələri ilə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə, görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan, KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir. KİV-lər bütün namizədlər üçün bərabər şərait yaratmalıdır.
Prezidentin köməkçisi qeyd edib ki, Seçki Məcəlləsində media nümayəndələrinin vəzifələri müəyyən olunur. Əsas vəzifə bu işi peşəkarcasına, Məcəllənin tələblərinə uyğun yerinə yetirməkdir. Media nümayəndələrinin bu işi həyata keçirməsindən asılı olaraq seçkilərin imici formalaşacaq. Seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə çox məsuliyyətli olmalıdır. Kütləvi informasiya vasitələri diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin müddəaları pozulmasın. Çünki Məcəllənin hansısa tələbinə riayət etməmək seçkilərin ümumi imicinə xələl gətirə bilər.
Əli Həsənov vurğulayıb ki, KİV-lər Prezidentin dövlət başçısı kimi cari fəaliyyəti ilə seçkilərdə namizəd kimi təşviqat fəaliyyəti arasında fərqi düzgün müəyyən etməli, diqqətli olmalıdırlar. Prezidentin köməkçisi əlavə edib ki, kommersiya məsələsində də namizədlər üçün bərabər şərait yaradılmalıdır. Bu məsələdə də Seçki Məcəlləsinin tələblərinə əməl olunmalıdır.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycan üçün çox mühüm ictimai-siyasi hadisə olan prezident seçkilərinin yüksək peşəkarlıqla keçirilməsində həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür. Bu işdə ön sırada media nümayəndələri dururlar. Seçki prosesində kütləvi informasiya vasitələri məsuliyyətli vəzifə daşıyırlar. Cəmiyyətin düzgün istiqamətə yönləndirilməsində media böyük rol oynanır. Ölkəmizdə medianın fəaliyyəti üçün normal mexanizmlər müəyyənləşib. Seçki qanunvericiliyi bizdən öz işimizdə məsuliyyətli olmağı tələb edir. KİV hər seçkidən-seçkiyə yüksək peşəkarlıq nümayiş etdirir. Bunun üçün əsaslar var. Telekanallar seçkilərin işıqlandırılması ilə bağlı kifayət qədər təcrübə əldə edib. Milli Televiziya və Radio Şurasına indiyə qədər hər hansı qurum və namizəd tərəfindən şikayət ünvanlanmayıb.
Nuşirəvan Məhərrəmov qeyd edib ki, hazırda bizi ən çox maraqlandıran məsələ bütün televiziya və radio kanallarının fəaliyyətinin seçki qanunvericiliyinə uyğunlaşdırılmasıdır. Ödənişli təşviqata bütün radio və televiziyalar hazırdır. Seçki təşviqatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Azərbaycanda başqa ölkələrdən fərqli olaraq televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Televiziya və radio kanallarının namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşılmalıdır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Şuranın seçki ilə bağlı fəaliyyətindən danışıb. O deyib ki, Mətbuat Şurası hazırda 7 televiziya kanalının, 15 qəzetin, 10 informasiya agentliyinin və xəbər portalının monitorinqini aparır. Beynəlxalq təşkilatların müəyyənləşdirdiyi prinsip və qaydalar əsasında aparılan monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla müəllifin şərhi arasındakı fərqə də diqqət yetiriləcək. Səsvermə günü Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də müşahidəçi qismində paytaxtda və bölgələrdə olacaqlar, seçkilərin gedişini işıqlandırmaq üçün jurnalistlərə yaradılan şərait nəzərdən keçiriləcək. Hər hansı məsələ ortaya çıxan zaman Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaradılacaq. Əminik ki, media nümayəndələri əvvəlki seçkilərdə olduğu kimi, 11 aprel prezident seçkilərini də obyektiv, dəqiq və qərəzsiz işıqlandıracaqlar.
Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.

Digər xəbərlər