Xəbərlər

  • 3 605

ATƏT DTİHB-nin hesabatı jurnalistlərin ciddi etirazı ilə qarşılandı

image

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. SİA xəbər verir ki, tədbirdə çıxış edən ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentari Nilza de Sena çıxışına başlayar-başlamaz Azərbaycanda keçirilmiş seçkilərə qərəzli don geyindirib və seçki prosesinə tamamilə ikili standartlar kontekstindən yanaşıb, heç bir həqiqət gözləmədən sifariş xarakterli mətni üzündən oxuyub.

Bununla yanaşı, Azərbaycan dövlətinə “tövsiyələr” də verməyi unutmayan portuqaliyalı parlamentari sonradan hakimiyyətlə dialoqa getməkdə və əməkdaşlıq etməkdə “maraqlı” olduğunu bildirib. Lakin digər tərəfdən, Azərbaycan xalqının seçim iradəsinə qarşı yalanlar ifadə edib. Məhz bundan sonra tədbirdə iştirak edən media işçiləri, jurnalistlər öz etiraz səslərini ucaldaraq, bu kimi qeyri-həqiqətlərin yolverilməz olduğunu bəyan ediblər. Onlar vurğulayıblar ki, bu rəy həqiqəti əks etdirmir. “Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir”-deyə bildirilib. Bu baxımdan, çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təəssüf doğurur.
ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar Koryen Yonker də qərəzli münasibət sərgiləyərək, demokratik seçki mühitinə qarşı heç bir əsaslara söykənməyən fikirlər səsləndirib. Onlar yekun hesabatın 2 ay sonra açıqlanacağını bildiriblər. Çıxışların ardınca, jurnalistlərə sual vermək imkanı yaranıb və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu vurğulayıblar.
Vüqar Rəhimzadə: “Mən bir qəzet işçisi, jurnalist və baş redaktor kimi hesab edirəm ki, sizin Azərbaycana qarşı yönəlmiş fikirləriniz ikili standartların nümunəsidir”
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bütövlükdə həmin tədbirdə səslənən fikirlər doğru deyil, yanlışdır. Baş redaktor tələbələrin seçkilərə zorla aparılması və s. iddiaları böhtan adlandıraraq, onu da bildirib ki, seçkilərdə iştirak edən namizədlərin hər birinə çıxışlar etmək üçün pulsuz efir vaxtı müəyyənləşdirilib və onlardan biri ADP sədri Sərdar Cəlaloğludur ki, hakimiyyətə qarşı ən sərt fikirlərini bildirirdi: “Namizədlərə verilən vaxt və s. təbliğat işləri kifayət qədər şəffaf və ədalətli idi. Hətta deyərdim ki, bir çox ölkələrə nümunə ola biləcək seçkilər keçirilib. Nəyə görə müxalifətçi namizədin fikirlərini demokratiya dəyərlərinə aid etmirsiniz? Mən bir qəzet işçisi, jurnalist və baş redaktor kimi hesab edirəm ki, sizin Azərbaycana qarşı yönəlmiş fikirləriniz ikili standartların nümunəsidir”.
Vüqar Rəhimzadə həmçinin bildirib ki, Ermənistan parlamentində deputatları güllələyib qətlə yetirirlər və Avropa təşkilatları bu kimi olaylara sərt münasibət bildirmir.
Bəhruz Quliyev: “Əgər siz Azərbaycan xalqına hörmət edirsinizsə, həmçinin etiraf edirsinizsə ki, dövlət qurumları sizə çox hörmətlə yanaşır, bu zaman Azərbaycan xalqının hissiyatıyla, əsəbləri ilə və iradəsi ilə oynamayın”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, ATƏT DTİHB-nin hazırladığı rəy Azırbaycan həqiqətlərini əks etdirmir: “Sizin seçkilərlə bağlı aldığınız məlumatlar ya anti-Azərbaycan qüvvələrin, Azərbaycan əleyhinə işləyən qüvvələrin üzərində qurulub, ya da ki, siz hesabatı hazır formada gətirmisiniz və bu tədbir vasitəsi ilə səsləndirirsiniz. Sizin təsvir etdiyiniz dövlət Azərbaycan deyil, təsvir etdiyiniz dövlət sivilizasiyadan kənar və hüquqa əsaslanmayan bir dövlətdir ki, belə dövlətlər də başqa yerlərdə, bəlkə də Afrikanın ucqar yerlərində yerləşir. Azərbaycan hüquqi dövlətdir və seçki mühitinə hörmətlə yanaşır. Məhz bu seçkidə də Azərbaycan xalqı tam olaraq öz fikrini ifadə elədi. İddia edirsiniz ki, internet resurslarında müəyyən qadağalar qoyulub, sosial şəbəkələrdə məhdudiyyətlər var və s. Halbuki, Mətbuat Şurası qeyri-hökumət təşkilatı olaraq bəyan edib ki, Azərbaycanda mətbuatın fəaliyyətində kifayət qədər normal şərait mövcuddur və heç bir maneə yoxdur. Eyni zamanda jurnalistlər, beynəlxalq təşkilatlar özləri etiraf ediblər ki, Azərbaycanda mətbuatla bağlı heç bir problem olmayıb. Şəxsən mənim rəhbərlik etdiyim media qrupu - qəzet, internet televiziyası və informasiya saytı olaraq, seçkini tam sərbəst şəkildə izləmişik və mənim dediklərim bunları deməyə kifayət qədər əsas verir”.
Bəhruz Quliyev ATƏT DTİHB missiyasına müraciət edərək bildirib ki, əgər iddiaları doğrudursa, bu zaman faktları ortaya çıxarsınlar: “Siz, heç bir fakt deyə bilməzsiniz. Azərbaycanda kütləvi seçki pozuntusunun olması mümkün deyil. Başqa tərəfdən, əgər siz Azərbaycan xalqına hörmət edirsinizsə, həmçinin etiraf edirsinizsə ki, dövlət qurumları sizə çox hörmətlə yanaşır, bu zaman Azərbaycan xalqının hissiyatıyla, əsəbləri ilə və iradəsi ilə oynamayın”.
Tədbirdə diqqət çəkən məqamlardan biri də ATƏT DTİHB missiyasına verilən suallara cavabların verilməməsi, əksinə, uzun-uzadı öz fəaliyyətləri barədə fikirlərin səsləndirilməsi oldu ki, bunun özü də sübut edir ki, adıçəkilən qurum Azərbaycana qarşı qərəz, böhtan və ikili standartlar cəhətindən yanaşır. Söz yox ki, belə yanaşmalarla ATƏT missiyası heç vaxt sivil, demokratik Azərbaycanla normal münasibətlər qurmaq imkanı əldə edə bilməyəcək.
Rövşən RƏSULOV

Digər xəbərlər