BSU-da Azərbaycan Plovu Günü qeyd edilib

Bakı Slavyan Universitetində Azərbaycan Plovu Günü adlı tədbir keçirilib. Tədbirdə Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarus Respublikasının Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, Ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə onlara qısa məlumat verib. O, aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məbbətinini bir daha nümayiş etdirdiyini bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: “Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”.
BSU-nun rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib. Rektor Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığını qeyd edib. “Adicə bir plovun görün neçə növü var: “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Lobya plov” və başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə, inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”. O, BSU-da Azərbaycan Plovu Gününün qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm də Azərbaycan məbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib. Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədlə tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət qəbul olunub.
Tədbirdə çıxış edən Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Ombudsman Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

ZÜMRÜD