Xəbərlər

  • 3 801

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

image

Aprelin 23-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Müzakirə olunan dəyişikliklərə əsasən, dəyəri borclunun aktivlərinin beş faiz və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin beş faizindən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər. Qeyd edək ki, hazırda mövcud olan qanunvericilikdə faiz qeyd olunmayıb, ümumilikdə borclunun əsas vəsaitlərinin satılması kimi qeyd edilib. Həmçinin qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir. Sonra gündəliyə daxil olan digər məsələlər müzakirə edilib. Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Digər xəbərlər