Xəbərlər

  • 4 702

Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasəti regional inkişafa və əməkdaşlığa əsas təhlükədir

image

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun, “ASAN xidmət”in könüllülük məktəbinin və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə “Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında keçirilən tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun, ARGTMŞ-in, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, “ASAN xidmət”in əməkdaşları və könüllüləri, eləcə də rayon üzrə dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Sonra konfrans iştirakçıları Dövlət Komissiyası tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar. Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, tədbirin məqsədi Azərbaycana qarşı təcavüzkarlıq və terrorçuluq siyasəti yeridən Ermənistanda faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, bunun ümumi regional sabitliyə, inkişafa və əməkdaşlığa doğurduğu təhlükələr barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasıdır.
Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələlərin həlli, təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb. Qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətlərindən birini Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayət faktlarının dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu işdə gənclərin daha da yaxından iştirakı və beynəlxalq aləmin məlumatlandırılması yollarının araşdırılması mühüm əhəmiyyətə malikdir.
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini diqqətə çatdırıb ki, erməni terror təşkilatları 100 ildən çoxdur dünyada və Azərbaycanda çoxsaylı terror hadisələri törədiblər. Ermənistanda faşizm və ifrat şovinizm siyasəti bu ölkənin qonşularına qarşı strategiyasının əsas elementinə çevrilib. Ermənistanın apardığı siyasətin bölgənin ümumi inkişafına, sülhə, sabitliyə və əməkdaşlığa göstərdiyi mənfi təsir barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması mexanizmi və yolları müasir kommunikasiya vasitələrindən mütəmadi istifadə edən gəncləri dərindən düşündürməlidir. Bu sahədə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş hücum diplomatiyası taktikası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən aparılan sistemli fəaliyyət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyası gənclərimizə böyük nümunədir.
Məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yeritdiyi işğalçılıq və terror siyasətini ifşa edən kitablar nəşr olunub və bu istiqamətdə işlər davam etdiriləcək.
Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərindən başlayaraq erməni terrorçu təşkilatları, quldur dəstələri və Ermənistanın silahlı qüvvələri Azərbaycan xalqına qarşı zaman-zaman genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı həyata keçirib. Nəticədə Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. Müasir dövrün insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayətlərindən olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.
Məhz təcavüzkar və militarist siyasət yeritməsi, terrorizmi və separatizmi dövlət səviyyəsində dəstəkləməsi Ermənistanı bu gün regionda uğurla həyata keçirilən, buradakı dövlətlərin rifahına və inkişafına yönələn bütün iqtisadı layihələrdən kənarda qoyub. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verir, tərəfdar çıxdığı beynəlxalq sənədlərə və dövlətlərarası müqavilələrə əsasən, terrorçuluğa qarşı mübarizədə xarici dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir.
Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğalı zamanı çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərlə yanaşı, xeyli uzaqda yerləşən yaşayış məntəqələrində terror aktları törədib, nəticədə yüzlərlə günahsız insan həlak olub.
1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən əhalinin məcburi köçürülməsi, maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilərək onların bir qisminin öldürülməsi və şikəst edilməsi, habelə ermənilərin törətdikləri təxribat, terror və başqa ağır cinayət faktları ilə əlaqədar Baş Prokurorluğun ərazi və hərbi prokurorluqları, Daxili İşlər Nazirliyi və digər xüsusi xidmət orqanları tərəfindən 600-dən çox cinayət işi başlanıb, istintaq aparılıb.
İşçi qrupunun rəhbərinin müavini qeyd edib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir. Gələcəkdə ekshumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür. “Hazırkı dövrdə bizim əsas vəzifəmiz tarixin obyektiv araşdırılmasının aparılması və XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən türk-müsəlman əhaliyə və eyni zamanda, digər etnik və dini toplumlara qarşı törədilmiş cinayət əməlləri barədə tarixi həqiqətləri üzə çıxarmaq və yaymaqdır”, - deyə E.Səmədov vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, institutun əməkdaşı Nəsibə Mirzəyeva, ARGTMŞ-in sədri Seymur Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN Könüllülər” məktəbinin rəhbəri Cahangir Hacıyev və başqaları çıxış edərək erməni terrorizmi və onun ağır fəsadlarından söz açıb, erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıblar. Bildiriblər ki, erməni terrorizmi təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaradıb. Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır, Cənubi Qafqazdakı bütün ölkələr üçün təhdiddir.
Qeyd edilib ki, Ermənistan öz şovinist dövlət siyasətinin məqsədlərinə çatmaq üçün informasiya müharibəsinin alətlərindən istifadə edir. İnternet mediası məkanında, sosial şəbəkələrdə təxribatla, yalan məlumatların yayılması, tarixi faktların saxtalaşdırılması ilə məşğul olur. Ancaq zaman göstərir ki, düşmən tərəfindən atılan bütün addımlar əbəsdir. Bu gün əminliklə demək olar ki, Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur.
Çıxışlarda vurğulanıb ki, gənclərimiz bu gün informasiya müharibəsində çox fəal iştirak edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dəstək fəaliyyətləri çərçivəsində 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində gənclər təşkilatları və tələbə-gənclər təşkilatlarının dəstəyi ilə sosial şəbəkələrdə genişmiqyaslı aksiyalar keçirilib. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı, ordusu güclənib və gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazırdırlar və buna qadirdirlər.
Çıxış edənlər gənclərimizi bundan sonra da Azərbaycanın milli maraqlarını daim qorumağa, informasiya müharibəsində fəal iştirak etməyə çağırıblar. Konfrans iştirakçılarına Dövlət Komissiyası adından minnətdarlığımı bildirən Eldar Səmədov deyib ki, burada səsləndirilən fikirlər tarixi hadisələrin obyektiv tədqiqatının zəruriliyini və əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının vacib ictimai və elmi vəzifə olduğunu bir daha təsdiqləyir. O, konfransın təşkilinə verdiyi dəstəyə görə tədbir iştirakçıları adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə təşəkkürünü bildirib. Qeyd edib ki, bugünkü tədbirdə səslənmiş fikir və mülahizələr komissiyanın gələcək fəaliyyətinə yeni stimul verəcək və bu sahədə əməkdaşlıq davamlı olacaq. Sonda gənclərin sualları cavablandırılıb, çıxışlar və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər