Xəbərlər

  • 3 299

“Azərbaycan Rumıniyanın Cənubi Qafqazda yeganə strateji tərəfdaşıdır”

image

Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu deyib.
Avropa İttifaqı üzvləri arasında ilk dəfə Rumıniyanın 2009-cu ildə Azərbaycanla strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamə imzaladığını söyləyən nazir ölkəmizin Rumıniyanın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı olaraq qaldığını bəyan edib: “Bu, əlaqələrimizin etibarlılığının və dostluğumuzun mükəmməl göstəricisidir. Azərbaycan regionda Rumıniyanın ən böyük ticarət və iqtisadi tərəfdaşıdır, enerji və nəqliyyat kimi strateji sahələrdə əsas partnyorudur. Biz enerji, əlaqələndirmə, ticarət və təhsil sahələrində sıx işləyirik. Eyni zamanda, multikulturalizm, tolerantlıq kimi birgə dəyərləri paylaşırıq. Beynəlxalq aləmdə Rumıniya Azərbaycanın Avropa İttifaqı, eləcə də NATO ilə əlaqələrinin inkişafını dəstəkləyir. Əminəm ki, Azərbaycanın yeni hökuməti ilə əməkdaşlığımız bizim ikitərəfli və çoxtərəfli gündəliyimizi zənginləşdirəcək”.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələri ətraflı şərh edən Teodor Meleşkanu ticarətdə çox müsbət tendensiyanın müşahidə edildiyini vurğulayıb. Ötən il ticarət dövriyyəsinin 400 milyon dollara çatdığını bildirən Rumıniyanın xarici siyasət idarəsinin rəhbəri ölkələrimizin hələ bir çox istifadə edilməmiş potensialının olduğunu qeyd edib: “Rumıniyanın dinamik və saxələndirilmiş iqtisadiyyatı var. Azərbaycan iqtisadiyyatın inkişafı və şaxələndirilməsi üçün addımlar atır. 2016-cı ilin dekabrında ölkənizdə 11 Strateji Yol Xəritəsi prioritetlərinə başlanıldı. Bu, Azərbaycanda investisiya yatırmaq, eləcə də ticarət etmək istəyən Rumıniya şirkətləri üçün əlavə imkanlar yarada bilər. Azərbaycan və Rumıniya güclü rəqabətlilik mövqeyi olan sahələrdə yeni layihələr reallaşdırmaqla iqtisadiyyatlarını tamamlaya bilər. Bizim coğrafi mövqeyimiz, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizimiz əlaqələndirmə sahəsində geniş imkanlar yaradır. Azərbaycanlı tərəfdaşlarımız ilə birgə Xəzərdə və Qara dənizdə yük dəhlizinin inkişaf etdirilməsi üzərində işləyirik. Ümid edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya bu işdə uğura nail olacaq. Bu mənada biz Azərbaycana inanırıq”.

Digər xəbərlər