Xəbərlər

  • 3 803

“Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə səfəri və gərginliyin yaranmasına səbəb olan fikirləri Ermənistanın özünə ziyan verəcək”

image

“Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı səsləndirdiyi fikirlər sərsəmliyin göstəricisi ola bilər. Əlbəttə, onun belə hərəkətləri bizim tərəfimizdən qəbulolunmazdır, eləcə də dünya birliyi və münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu tərəfindən pislənilməlidir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın möhkəm təməl üzərində qurulmasını əngəlləyir. Onun sözlərinə görə, Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə səfəri və gərginliyin yaranmasına səbəb olan fikirləri Ermənistanın özünə ziyan verəcək.
“Aprel ayında Azərbaycanda və Ermənistanda seçkilər keçirildi. Azərbaycanda sabitlik, inkişaf, hakimiyyətlə xalq arasında həmrəylik var. İnsanlar seçkilərin nəticələrinə dərindən inanırlar. Bu, Azərbaycanın reallığıdır. Ermənisanın reallığı isə narazılıq və qarşıdurmalardır. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, o qədər də Ermənistanın özünün vəziyyəti gərgin olaraq qalacaqdır. Ermənistan dalana dirənmiş vəziyyətdədir. İqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra orada hakimiyyətə gələn qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə həllinin zəruriliyini dərk edə bilmirsə, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, xalq yaxın zamanlarda yenə də küçələrə çıxıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Digər xəbərlər