Xəbərlər

  • 5 122

Bakıda Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşü və 1-ci Konqresinin açılış mərasimi keçirilib

image

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ilə beynəlxalq tibbi təşkilatlar və nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cə-miyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu ilə sıx əlaqələr yaradılmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən “Səs” qəzetinə verilən məlumata istinadən, 1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin əsas məqsədi döyüş əməliyyatları, terror hücumları, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı cərrahiyyə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platformanın yaradılması, araşdırmalar, görüşlər və nəşrlər vasitəsilə hərbi cərrahiyyə elminin təşviqinin həyata keçirilməsidir.
Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənmiş, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci Simpozium Bakı şəhərində təşkil edilmişdir. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilmişdir. 2018-ci ilin 15 may tarixində Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimindən öncə, Konqres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad etmiş, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların məzarlarını ziyarət etmişlər.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamış mərasimdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin salamlarını Konqres iştirakçılarına çatdırmış, ərazimizin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması barədə məlumat vermiş, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmağın mümkün olmamasını qeyd etmişdir. F.Ələsgərov hərbi cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Beynəlxalq Hərbi Cərrahlar Forumuna uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikası üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulamış və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkəzinin Cərrahiyyə Departamentinin professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış etmişlər. 21 ölkədən - Azərbaycan Respublikası, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Moldova, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcəkdir.
Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tibbi təşkilatlar və nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi həyata keçiriləcəkdir.
Konqresin Fəxri qonaqları sırasında olan Amerika Birləşmiş Ştatlarından professor Mark Bouer, Almaniyadan doktor Michael Engelhardt, Böyük Britaniyadan doktor Mansur Ali Khan, Cənubi Afrika Respublikasından doktor Kenneth Boffard, Rusiya Federasiyasından professor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovriç, Türkiyədən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spikerləri funksiyalarını yerinə yetirəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər