Xəbərlər

  • 3 352

Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

image

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb.
Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələrindən və mövcud əməkdaşlıq imkanlarından bəhs edən Ali Məclisin Sədri yeni texnologiyaların tətbiqi, turizm və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu bildirib.
Ali Məclisin Sədri səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində mühazirə oxumaq təşəbbüsünə görə xanım İnqrid Tersmana təşəkkür edib.
Göstərilən xoş münasibətə görə minnətdarlıq edən İnqrid Tersman İsveç Krallığının Naxçıvan Muxtar Respublikasına səfər edən ilk səfiri olmaqdan məmnunluğunu bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə tanışlığın əməkdaşlıq üçün faydalı olacağını qeyd edən diplomat bu sahədə səylərini artıracağını vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Digər xəbərlər