Xəbərlər

  • 7 120

“Heydər Əliyev” biblioqrafiyası çap olunub

image

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Heydər Əliyev” fundamental biblioqrafiyası siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti (1993-2003), xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmişdir.

Ulu Öndər Heydər Əliyev haqqında bu ilk fundamental biblioqrafiya dünya miqyaslı ictimai-siyasi dövlət xadiminin 1969-2018-ci illərdə Azərbaycan, rus, ingilis, türk, və digər xarici dillərdə nəşr olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və elmi məcmuələrdə dərc edilmiş ictimai-siyasi məqalələri, çıxışları və Ulu Öndər haqqında yazılmış materialları əhatə edir. Qeyd edək ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin titanik fəaliyyətinin olduqca genişmiqyaslı olduğunu nəzərə alaraq, dövri mətbuatda Onun yazdığı və Onun haqqında yazılmış məqalələr biblioqrafiyaya salınmamışdır.
“Heydər Əliyev” biblioqrafik göstəricisində ədəbiyyatlar iki əsas bölmədə -”Əsərlərinin biblioqrafiyası” və “Haqqında materiallar” bölmələrində toplanmış və hər bölmədə mövzuya uyğun olaraq, yarımbölmələr verilmişdir.
Akademik Ramiz Mehdiyevin”Heydər Əliyevin qurduğu Azərbaycan əbədi yaşayacaqdır”adlı geniş elmi məqaləsində Ulu Öndərin həyat və fəaliyyətinin bütün məqamları geniş xarakterizə olunur, görkəmli ictimai-siyasi dövlət xadiminin zəngin irsi hərtərəfli araşdırılır, dahi şəxsiyyyətin Azərbaycan xalqının müstəqilliyi, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi titanik fəaliyyəti geniş əhatə olunmuşdur.
Biblioqrafiyada “Görkəmli şəxsiyyətlər və Azərbaycanın görkəmli dövlət, elm və mədəniyyət xadimləri Heydər Əliyev haqqında” bölməsində Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə yanşı, dünyanın tanınmış dövlət xadimlərinin də Ulu Öndər haqqında fikirləri və mülahizələri öz əksini tapmışdır.
“Əsərlərinin biblioqrafiyası” bölməsində Heydər Əliyevin kitabları, elmi məqalələri əhatə olunmuşdur. Ulu Öndərin fəaliyyətinin bugünədək çox az öyrənilmiş sahəsi olan “Azərbaycana rəhbərliyinin birinci mərhələsi (1969-1990)” adlı yarımbölmədə siyasi xadimim Sovetlər Birliyi dövründə Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyəti geniş əks olunmuşdur.
Dünya şöhrətli siyasətçinin haqqında olan materiallar “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Həyatı və ictimai-siyasi fəaliyyəti”, “Dövlət quruculuğu və xarici siyasət”, “Sosial-iqtisadi inkişaf”, “Elm və mədəniyyət, milli-mənəvi dəyərlər”, “Heydər Əliyev şəxsiyyəti bədii ədəbiyyatda və incəsənətdə” adlı bölmələrdə yer almışdır.
Biblioqrafik vəsaitdə “Heydər Əliyev dünya kitabxanalarında” bölməsində Ulu Öndərin dünyanın 50-yə yaxın ölkəsində və universitet kitabxanalarında hifz olunan əsərləri və Onun haqqında materiallar toplanmışdır. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. “Heydər Əliyev” fundamental biblioqrafiyasının layihə rəhbəri Azərbaycan Respublikasının mədəniyyət naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva, Mətanət İbrahimova və Aytən Hüseynova, elmi redaktoru, professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru Gülbəniz Səfərəliyevadır.
Biblioqrafik göstəricini hazırlayarkən Prezident Aparatının Kitabxanasından, AMEA-nın Elmi Kitabxanasından, BDU-nun və digər universitetlərin kitabxanalarındakı seçmə materiallardan və M.F.Axundov adına Milli Kitabxananın fondundan istifadə edilmişdir.
“Heydər Əliyev” biblioqrafiyası Ulu Öndərin 95 illik yubileyinə Milli Kitabxananın ən dəyərli töhfəsidir. Biblioqrafiya elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ədilə Qocayeva,
AJB-nin üzvü

Digər xəbərlər