Xəbərlər

  • 3 377

Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

image

Mayın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. O deyib ki, Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilabı Partiyası iqtidar partiyalarıdır və hər iki siyasi təşkilat əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycan dövlətinin xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin vacib yer tutduğunu deyən Əli Əhmədov hələ Sovetlər Birliyi dövründə Laos vətəndaşları olan gənclərin Azərbaycanda ali təhsil aldıqlarını xatırladıb. YAP sədrinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb və YAP ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın bütövlükdə ölkələrimiz arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən qonaq ölkəmizin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb. O, Laos Xalq İnqilabı Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Sonda Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov və Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak imzalayıblar. Görüşdə YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edib.

Digər xəbərlər