Xəbərlər

  • 3 263

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb

image

Mayın 22-də Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Ofisinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qrupunun rəhbəri Corc Buma ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai və rezident əlaqələndiricinin müavini Alessandro Frakasetti Alessandro da iştirak ediblər. Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində MAPS Missiya (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək) çərçivəsində müəyyən edilmiş sürətləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində DİM-lər üzrə Əlaqələndirmə Şurasının göstərdiyi səylərə BMT İnkişaf Proqramının davamlı dəstəyi müzakirə edilib. Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan Hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb. Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Bu cür əməkdaşlıqların möhkəmləndirilməsi əsas məqsəd və vəzifələrdəndir. Görüş zamanı Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və ofisinin verdiyi dəstək qeyd edilib. Bildirilib ki, yaranan səmərəli əməkdaşlıq modeli tədbirlərin həyata keçirilməsinə çox ciddi dəstəkdir.
BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Ofisinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qrupunun rəhbəri Corc Buma Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində daim Azərbaycana dəstək olacaqlarını deyib, səmərəli tərəfdaşlıqdan məmnunluqlarını ifadə edib.

Digər xəbərlər