Xəbərlər

  • 3 649

Azərbaycan təbii və texnogen fəlakətlərin qarşısının alınması istiqamətində beynəlxalq səyləri dəstəkləyir

image

İyunun 4-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Fəlakət Risklərinin Azaldılması üzrə Bürosunun Avropa regional ofisinin rəhbəri Paola Albrito ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Əli Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib.
“Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır”, - deyə Baş nazirin müavini bildirib.
Paola Albrito Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, Bakının ona çox doğma gəldiyini, paytaxtımızda qədimliklə müasirliyin vəhdətinin onda xoş təəssürat yaratdığını söyləyib. Qonaq ölkəmizin də dəstəklədiyi və qoşulduğu Sendai sənədi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 7 qlobal məqsədə xidmət edən bu proqramın icrası dövlətlər və cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Digər xəbərlər