Xəbərlər

  • 3 937

Zakir Həsənov: “Azərbaycan Ordusunun şəxsi heyəti 100 illik yubileyini ruh yüksəkliyi ilə qeyd edir”

image

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə şəxsi heyəti təbrik edib.
AZƏRTAC xəbər verir ki, şəxsi heyətə Vətən naminə şərəfli xidmətdə uğurlar arzulayan nazir qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsinə müsbət təsir göstərdi. Azərbaycan Ordusunun şəxsi heyəti 100 illik yubileyini ruh yüksəkliyi, həmçinin qazandığı böyük nailiyyətlərlə qeyd edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurla gerçəkləşdirdiyi siyasət digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də əldə olunan möhtəşəm uğurlarla Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımız qeyd etdiyi kimi, biz güclü ordu yaratmışıq. Ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti ən yüksək səviyyədə olduğunu döyüş meydanında sübut edə bilmişik”.
Son illərdə Azərbaycan Ordusunun hərbi qüdrətinin artdığını və keçirdiyi uğurlu əməliyyatları qeyd edən nazir bildirib: “2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin mayında Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsi düşmən işğalından azad edildi. Artıq həmin torpaqlara Azərbaycan vətəndaşları qayıdıblar. O torpaqlara həyat qayıdıb və bunu Azərbaycan dövləti, Azərbaycan Ordusu edib.
Keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizin məsuliyyətinizi daha da artırır”.
Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edərək onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edən nazir vurğulayıb: “Əminliklə bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan xalqımızın və dövlətimizin etimadını sonra da şərəflə doğruldacaq, hərbi intizamı gücləndirəcək, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olacaq”.

Digər xəbərlər