Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin (YEB) ümumi yığıncağı keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov bildirib ki, ümumi yığıncağın gündəliyinə bölmənin akademik-katibi müavinlərinin və büro üzvlərinin seçkiləri daxildir.
Sonra bölmə və büro üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə, akademiklər Əkpər Feyzullayev və Pərviz Məmmədov bölmənin akademik-katibinin müavinləri seçiliblər. Həmçinin YEB-in bürosunun yeni tərkibi də müəyyənləşib. Akademiklər Vasif Babazadə, Hətəm Quliyev, Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Elmira Ramazanova, Qurban Yetirmişli, Qərib Cəlalov, Elmira Əliyeva və Qalib Əfəndiyev büro üzvləri seçiliblər. Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev isə məşvərətçi səslə bölmə üzvü seçilib. Bölmənin qərarı ilə nəticələr təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunub.

sia.az