Xəbərlər

  • 5 010

Əli Əhmədov: “Sabitliyi pozmağa çalışanlar Azərbaycan xalqını hədəf seçiblər”

image

“Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır. Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyinin əsasında dayanır. Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər”.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Gəncə sakinləri müdrik insanlardır, onlar şəhərin sakit həyatını pozmağa kiməsə imkan verməzlər:

“Çünki yaxşı bilirlər ki, bu gün yalançı “vətənpərvərlər”, “din əzabkeşləri” adı altında sabitliyi pozmağa çalışanlar və çağırış edənlər tamam başqa yerdən idarə olunur və ayrı məqsədlərə xidmət göstərirlər. Tökülən qan isə xalqın qanıdır. Həlak olan iki polis zabiti xalqın övladlarıdır, kiminsə övladı, kimlərinsə atası, qardaşı, həyat yoldaşıdır. Onların qanını tökən vətənpərvərlər, din əzabkeşi ola bilərmi? İnanıram ki, gəncəlilər müdrikliyini bir daha nümayiş etdirəcək, ara qarışdıranlara, qanunu pozanlara, sakit həyatımıza haram qatmaq istəyənlərə özləri layiqli cavab verəcək. Gəlin, hamımız ətrafımıza baxaq, dünyada baş verənləri, faciələri, tökülən göz yaşlarını yada salaq. Ölkəmizdəki sabitliyin qədrini bilək, ona xəyanət edənlərin qarşısına keçək. Sonra gec olar”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub: “Onu pozmağa heç kim cürət edə bilməz. Bir neçə ara qarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər