Xəbərlər

  • 5 392

“XİN başçılarının görüşü həlledici sayıla bilər”

image

“Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda fasilə yaranmışdı. Belə təsəvvür yaranırdı ki, bütövlükdə görüşü yenidən bərpa etmək çox çətin olacaq. Çünki düşmən tərəfi danışıqlara mane olan şərtlər irəli sürürdü”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ötən gün Azərbaycan və Ermənistan XİN rəhbərləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüşünü şərh edərkən deyib. ATƏT-in Minsk qrupu Rusiyanın köməyi ilə danışıqlar prosesini bərpa etməyə nail olduğunu deyən politoloq söyləyib ki, ötən gün keçirilən görüş həlledici sayıla bilər: “Çünki bu görüşdən sonra tərəflərin mövqeləri aydın olacaq. Ermənistan sülh istəyirsə, indiyədək aparılan danışıqların nəticələri ilə hesablaşmalı və görüşlər seriyasını həmin silsilədən davam etdirməlidir. Amma belə görünür ki, düşmən ölkə Rusiyanın təzyiqi altında görüşlərə getsə də, bu danışıqlara tam hazır deyil. Çünki onlar danışıqlarda qondarma separatçı rejimin iştirakının təminini istəyir”.

“Danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək iddia irəli sürmək mümkün deyil”

Avropa İttifaqı, NATO-nun dövlətlərin ərazi bütövlüyünü nəzərə alaraq, separatçı baxışlara görüşlərə son verməyə çağıran bəyanat yayımladığını xatırladan Q.Hüseynli bildirib ki, Ermənistan tərəfi beynəlxalq hüququn şərtlərini də nəzərə almaqla görür ki, Azərbaycan siyasi üstünlük qazanmaya yaxındır: “Danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək iddia irəli sürmək mümkün deyil. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, düşmən ölkə ilə danışıqlar prosesi çətin olacaq”.

“Danışıqlarda ölkəmizin əli daha qüvvətlidir”

Politoloq qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü məsələsini haqlı olaraq təkidlə tələb etməsi, Ermənistan Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirə bilər: “Amma bu təklif və tələblərlə danışıqları irəli aparmaq mümkün olmayacaq. Çünki Ermənistan tərəfi təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalandır. Bu nöqteyi-nəzərdən düşmən ölkənin lovğalığı və təkəbbürlüyü üçün heç bir əsas yoxdur. Xüsusilə də bölgədə gedən dəyişiklikləri hökmən nəzərə almaq lazımdır. Beynəlxalq hüququ və onu müdafiə edən dövlət, birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da onu deməyə əsas verir ki, danışıqlarda ölkəmizin əli daha qüvvətlidir”.

“Azərbaycan hərbə hazırdır, amma Ermənistanın danışıqlardan başqa alternativ yolu yoxdur”

Ordumuzun son hərbi paradda özünün potensialını nümayiş etdirdiyini vurğulayan Q.Hüseynli qeyd edib ki, hər bir diplomatiyanın arxasında güclü hərbi potensial dayanır: “ Belə olan halda, diplomatiyanın danışıqları daha kəsərli və təsirli olur. Rusiyanın son dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində də müəyyən dəyişikliklər sezilir. Çünki indiyədək danışıqların davam etdirilməsində, prosesin dondurulmasında Rusiyanın da əli var. Görünür qonşu ölkə bu mövqeyindən imtina etmək fikrindədir və Ermənistana təzyiq edir. Bu baxımdan hesab edirəm ki, həm Aİ, həm də Rusiya tərəfindən edilən təzyiqlərin nə qədər effektli olduğu ötən gün Brüsseldə keçirilən XİN başçılarının görüşündə düşmən ölkənin ortaya qoyduğu mövqedən aydın olacaq. Ermənilər danışıqlarla vaxtı uzatmağa çalışmaq istəsə də, Azərbaycan mənasız və əhəmiyyətsiz olan danışıqlara getməyəcək. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə hərbə hazırdır. Amma Ermənistan sülhə nail olmaq üçün danışıqlardan başqa alternativ yolu yoxdur”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

Nailə Məhərrəmova

Digər xəbərlər