Xəbərlər

  • 4 282

Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

image

Milli Mətbuat Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 16-da Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin işçilərinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Mübariz Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir. Qeyd edib ki, bu gün kimlərsə məqsədyönlü şəkildə bəzi məsələləri qabardaraq, din pərdəsi adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Əlavə edib ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dünyəvi və hüquqi dövlətçiliyimizin əsaslarını sarsıda bilməz.

Mübariz Qurbanlı vurğulayıb ki, din həssas mövzu olduğundan bu mövzuda yazan jurnalistlər ətraflı dini biliklərə malik olmalıdırlar. Media bu mövzuları işıqlandıran zaman diqqətli olmalı, məsələyə həssaslıqla yanaşmalıdır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycandan 3 milyona qədər sosial şəbəkə istifadəçisinin olduğunu diqqətə çatdıran Mətbuat Şurasının sədri çıxışında dövlətə qarşı olan bəzi qüvvələrin sosial şəbəkələrdən öz məkrli məqsədlərini yaymaq üçün istifadə etdiyini təəssüflə vurğulayıb. O, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etməyin mümkün olmadığını bildirib. Son günlər baş verən hadisələrin İslam dini ilə əlaqəsi olmadığını, ayrı-ayrı qrupların din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istədiklərini diqqətə çatdıran Ə.Amaşov Azərbaycan mediasının bunu aydın gördüyünü, kütləvi informasiya vasitələrində çalışanlar peşəkarlıq nümayiş etdirərək öz işlərini düzgün şəkildə qurduqlarını deyib.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında deyib ki, dünyada gedən son proseslər müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, bəzi qüvvələr çalışırlar ki, məhz İslamın terror dini olduğunu, terroru ancaq müsəlmanların törətdiklərini sübut etsinlər. B.Sadıqov din adı altında gizlənən ekstremist-radikal qrupların məqam tapan kimi fəaliyyətə başladıqlarını bildirib. “O insanlar ki, respublikamızda sabitliyin pozulmasına çalışırlar, onlar dövlətimizin və xalqımızın düşmənləridirlər. Ancaq hər kəs əmin olsun ki, ölkəmizdə heç vaxt ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev vurğulayıb ki, Azərbaycanda hökm sürən sabitliyə və əmin-amanlığa kölgə salmaq istəyən bəzi qüvvələr həm xaricdə, həm də ölkəmizin daxilində məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. F.Nurullayev bu cinayət əməllərində İslam dininin adından sui-istifadə olunmasının qətiyyən yolverilməz olduğunu bildirib. Milli Məclisin deputatı Fazil Mustafa çıxışında dövlət-din münasibətlərindən bəhs edərək dinə göstərilən qayğıdan danışıb. Bu sahədə həyata keçirilən islahatların əhəmiyyətinə toxunan F.Mustafa, eyni zamanda, bir sıra təkliflər irəli sürüb.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Gəncədə baş verən hadisələri dinlə bağlamaq cəhdlərini arzuolunmaz hal kimi dəyərləndirib. Bildirib ki, bu, ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdidir.

Sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, dövlətimizə və xalqımıza qarşı yönəlmiş terror və təhdidlərlə mübarizədə mətbuat dövlətin və xalqın yanında olmalıdır. Bildirib ki, dini mövzuya müraciət edən jurnalistlər həssaslıq nümayiş etdirməlidirlər. “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı deyib ki, milli və dini vəhdət sabitliyin zəmanətidir: “Məhz buna görə qarşıdurma yaratmaq istəyənlər bu incə amili nəzərə alırlar, çünki hazırda bizim ən böyük sərvətimiz sabitliyimizdir. Dini radikalizmlə mübarizəyə toxunan V.Mahirqızı burada təhsil və maarifləndirmənin mühüm rol oynadığını dilə gətirib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dini məsələlərlə bağlı geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, istər cəbhə bölgəsində baş verən hadisələrdə, istərsə də bu cür məqamlarda bəzi internet saytlarının, eləcə də müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir. Onun sözlərinə görə, düşmən ölkədəki xüsusi qruplar tərəfindən maliyyələşdirilən bu cür saytların ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir.

Konfransda, həmçinin dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-in üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mövzuları işıqlandıran, milli-mənəvi dəyərlərimizin, tolerant və multikultural ənənələrimizin təbliğində fəallıq göstərən bir qrup jurnalist mükafatlandırılıb.

Digər xəbərlər