Xəbərlər

  • 3 814

“Rossiya-24”: Qəbələdə onuncu musiqi festivalı - musiqi sərhədləri aradan qaldırır

image

Rusiyanın “Rossiya-24” telekanalında X Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri artıq bir neçə gündür Azərbaycanın Qəbələ şəhərində Kuba salsası, ispan flamenkosu, gürcü cazı və əlbəttə, klassik musiqinin səsləndirildiyini qeyd edir. Burada X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir, adlı-sanlı sənətçilər və yenicə addım atan musiqi qrupları eyni səhnəni bölüşürlər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq Artisti, professor Murad Adıgözəlzadə Rusiya telekanalına müsahibəsində deyib: “Bu festival Azərbaycanın tanınması baxımından çox əhəmiyyətlidir. İkinci festivaldan sonra xəbəri olan az idisə, artıq üçüncü festivaldan sonra iştirak üçün xeyli sayda musiqiçi müraciət etmişdi. Qəbələni Azərbaycanın kiçik İsveçrəsi adlandırırlar. Bu festivalın açılışında dövlət simfonik orkestrimiz çıxış edib. Festivalın onilliyi dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə də əlaqələndirilib”.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli deyib: “Məni festivalın konsepsiyasının olmamasına görə dəfələrlə amansız tənqid edib, “bu, klassik musiqi festivalı, folklor musiqisi festivalı və ya nədir?”, - deyə söyləyiblər. Mənə elə gəlir ki, buradakı müxtəliflikdən tamaşaçılar yorulmur. Bu gün onlar İ.Bramsın simfoniyasını dinləyir, ertəsi gün isə flamenkonu izləyirlər. Bunun nəyi pisdir? Kimi flamenkonu daha çox xoşlayır, kimi cazı sevir. Bizim festival, həmçinin maarifçi xarakter daşıyır”.

Digər xəbərlər