Xəbərlər

  • 3 687

Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik

image

Prezident İlham Əliyev: “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir”

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkənin aqrar sahədəki nailiyyətləri və perspektivləri müzakirə edilib və hədəflər dəqiqləşdirilib.

Prezident İlham Əliyev inkişafımızın təməlində düşünülmüş siyasətin, eyni zamanda, möhkəm iqtisadiyyatın dayandığını bildirib. Azərbaycan dövlət olaraq güclü iqtisadiyyatını qura bildi, müstəqilliyini tam təmin etdi, böyük hərbi və iqtisadi uğurlara imza atdı. Son 15 ilin göstəriciləri də təsdiq edir ki, iqtisadi baxımdan, bu qısa müddət ərzində, Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Qeyri-neft sektorunun şaxələndirilməsi, bütün sahələrdə olduğu kimi, aqrar sektorda da ciddi dəyişikliklərə səbəb olmuşdur. Belə ki, bu ilin 6 ayı ərzində kənd təsərrüfatında artım 7,6 faizə çatmışdır. Bu artım bitkiçilikdə daha yüksək - 14 faizdən çoxdur. Dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatının simasını nəhəng aqroholdinqlər və aqroparklar təyin edir. Müasir dünya təcrübəsinə əsaslanaraq, inkişaf edən Azərbaycanda da aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılmasına qərar verilmiş və müəyyən işlər görülmüşdür. Bu istiqamətdə infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulmuş, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilmişdir. Artıq 4 aqropark istifadəyə verilmiş, ilin sonunadək isə 14-ü də istifadəyə veriləcək.

Aqroparkların yaradılması, kənd təsərrüfatında müasir biliklərin və təcrübələrin tətbiqi, 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin qurulması buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığını ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfə çox artırmağa imkan vermişdir. Bu istiqamətdə işlərin davamı kimi texnikaya, suvarma avadanlıqlarına tələbatın ödənilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına “Aqrolizinq” ASC-yə 160 milyon manat vəsait ayrılmışdır.

Kənd təsərrüfatının inkişafında ən mürəkkəb istiqamətlərdən biri meliorasiya və su təsərrüfatı sistemlərinin səmərəliliyinin artırılmasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın içməli və suvarma suları, əsasən, ölkənin hüdudlarından kənarda axan çaylar hesabına formalaşır. İşğalçı Ermənistan ölkəmizin ən vacib su mənbələrinə ciddi təhlükələr yaratmışdır. Bütün bu çətinlikləri və onların doğura biləcəyi təhlükələri nəzərə alan Azərbaycan dövləti meliorasiya və su təsərrüfatı sahəsinin fərqli və təhlükəsiz inkişaf modelini qurmuş, əsaslı kapital qoyuluşunu dəfələrlə artırmışdır. Nəticədə, minlərlə kilometr suvarma kanalları və kollektor-drenaj şəbəkələri bərpa edilmiş və tikilmiş, 2 minə yaxın subartezian quyusu qazılmışdır.

Reallaşdırılan bütün nəhəng layihələr ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikintisi mühüm əhəmiyyətə malikdir. Bu günə qədər bu iki anbara 3 milyard kubmetrə yaxın toplanmış su müxtəlif məqsədlər üçün istifadəçilərə verilib. Azərbaycan Prezidentinin cari ildə daha 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə verdiyi tapşırığa əsasən, suvarma kanallarının, nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası işləri və digər meliorativ tədbirlər hazırda uğurla davam etdirilir. Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Cari ildə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq. Meliorativ tədbirlər aqrar sektorda ənənəvi sahələrin də inkişafına ciddi dəstək verəcək. Xızı rayonunda 436 hektar sahədə zeytun və badam bağlarının salınması suvarma suyunun verilməsi ilə bağlıdır. Eyni zamanda, Abşeron yarımadasında da kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün ciddi addımlar atılır. Zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikinti işlərinə başlanılıb. Beləliklə, Abşeron yarımadasında onilliklər boyu yetişdirilən ənənəvi meyvə bağlarının salınması ön plana keçir. Dövlət başçısı yekun nitqində, bir daha təsdiq etdi ki, kənd təsərrüfatının inkişafında başlıca vəzifə bu sahədə müasir standartları tətbiq etməkdir. Son illər kənd təsərrüfatının inkişafına göstərilən böyük diqqət sayəsində texnika parkı tamamilə yenilənib. Prezident İlham Əliyev kənd təsərrüfatı texnikasının alınmasına münasibətini belə bildirib: “Qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir”.

Dövlət başçısı aqrar sektorun prioritetlərini təyin edərək, bildirdi ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Heç kim fikirləşməli deyil ki, ölkədə kənd təsərrüfatı otuz, ya da əlli il əvvəlki kimi inkişaf edə bilər. Bu, yanlış və ziyanlı mövqedir. Əgər hollandlar artıq yeni torpaq sahələrini süni surətdə dənizin sahillərində yaradırlarsa, bir qədər məcazi mənada desək, dənizi əkib-becərirlərsə, biz niyə əlimizdəki torpaqlarda məhsuldarlığı yüksəltməyək? Dünyada məhsuldarlığı bir neçə dəfə artıra bilən yeni texnologiyalar mövcuddur. Aqrotexniki tədbirlərlə bağlı yeni texnologiyaların, su ilə təminat texnologiyalarının Azərbaycana gətirilməsi günün ən aktual məsələsidir. Prezident İlham Əliyev belə hesab edir ki, hər qarış torpaqdan maksimum səmərə ilə istifadə etmək lazımdır: “Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini, nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də, məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər