Xəbərlər

  • 3 521

Qərb ilə Şərqin mədəni dəyərlərini mükəmməl formada təqdim edən nadir məkan

image

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə uğurla keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının əks-sədası uzaq-yaxın ölkələrdən eşidilir. Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya və Gürcüstan kimi ölkələrin sənətkarlarının iştikarı ilə keçirilən musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlmişdi. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar bundan böyük zövq alıblar. Bu festival, onu da təsdiqləyib ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

Beynəlxalq festivalla bağlı bir sıra tanınmış musiqiçilər təəssüratlarını bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu və bu festivaldan zövq aldıqlarını bildiriblər. Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl Fəcr” qəzetində Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı haqqında geniş məqalə dərc olunub. “Əl Fəcr”in baş redaktoru Şərif əl Bəsilin müəllifliyi ilə dərc olunan məqalədə hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan beynəlxalq musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı söhbət açılır. Yazıda tədbirə ev sahibliyi edən Qəbələnin füsunkar təbiətini təsvir edən Şərif əl Bəsil bu ecazkar təbiət möcüzəsinin Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin ən çox sevdikləri məkana çevrildiyini vurğulayır. Müəllif yazıda Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilində, həmçinin, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir. Baş redaktor, eyni zamanda, Heydər Əliyev Fondunun prezidentinin böyük humanizm, qayğı və vətənpərvərlik tərənnüm edən xidmətlərindən bəhs edir. Müəllif X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubunun oxunduğunu da qələmə alır. Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın Azərbaycan muğamının, tolerantlıq dəyərlərinin dünya miqyasında tanıdılması, mədəniyyətlərarası dialoqun qurulması və təşviq edilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çəkən müəllif yazıda Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində Onun gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən də söz açır. Baş redaktor məqalədə X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarının tədbirlə bağlı fikirlərini də oxuculara təqdim edir.

Möhtəşəm şəkildə təqdim olunan festivalın təəssüratları, onun musiqiçiləri bir araya gətirməsində əhəmiyyəti bir çox dünya ölkələrinin mətbuat səhifələrində yer alıb. Belə ki, hər zaman Azərbaycan reallıqlarına münasibətini ifadə edən beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində X Qəbələ Beynəlxalq Musiqi Festivalından bəhs edir. İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin səhifələrində yer alan məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: “2018-ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti - bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb. Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib... Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır”.

Heydər Əliyev Fondunun layihələri sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biri kimi qiymətləndirilib. Ənənəvi olaraq, hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıq və vərdişlərini nümayiş etdirirlər. Arye Qut bu festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platforması kimi səciyyələndirib. Onun sözlərinə görə, bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələri genişləndirməkdir.

“Azərbaycanın multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı” - yazan müəllif bunun xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasının və harmoniyasının əks olunmasında olduğunu və yalnız Azərbaycanda tapmağın mümkünlüyünü diqqətə çəkib.

Bütün qələmə alınan məqalə və yayımlanan reportajlar Azərbaycanın sabitlik məkanı olmasının və hər kəsin ölkəmiz haqqında olan yüksək fikrinin göstəricisidir. Ölkəmizdə keçirilən istənilən beynəlxalq tədbirin əks-sədası dünyanın müxtəlif qitələrindən eşidilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər