Xəbərlər

  • 6 691

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birləşdirici rolu var

image

Qlobal müstəvidə cərəyan edən siyasi-iqtisadi proseslər, müasir tarixi vəziyyət və milli-mədəni inkişaf tendensiyaları türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə zərurəti artırır. İstər islam, istərsə də türk tarixində özünəməxsus yeri olan Azərbaycan yaranmış tarixi şəraiti doğru qiymətləndirərək, türkdilli ölkələrlə əməkdaşlığını inkişaf etdirməyə maraq göstərir, siyasi-iqtisadi, sosial-mədəni və humanitar əlaqələri gücləndirməyə, o cümlədən, mürəkkəb geosiyasi şəraitdə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır. Bu baxımdan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstandakı Zirvə görüşü Azərbaycanın da daxil olduğu türk dünyası ölkələri arasında münasibətlərin inkişafına növbəti töhfə verəcəyini əminliklə demək olar.

Əslində, tarixçilər türkçülüyün qorunub-saxlanılmasında Azərbaycanın hər zaman əhəmiyyətli rol oynadığını, xüsusilə, vurğulayırlar və hətta Türküstanın şərqi və qərbi arasında Azərbaycanın körpü rolunu oynamasından da bəhs olunur. Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin daim diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin xarici siyasətində önəmli istiqamətlərdən birini təşkil edir. Belə diqqətin mərkəzində türk dünyasının geniş coğrafi məkanı əhatə etməsi ilə bərabər, türkdilli xalqların ortaq tarixi köklərə malik olması da dayanır. Türkiyənin Prezidenti olmuş mərhum Süleyman Dəmirəlin dediyi kimi, “Türk dünyası” 11 milyon kvadratkilometrdir. Bu isə, o deməkdir ki, üç Avropa böyüklüyündə bir sahədə türk dillərində danışan, “mən türkəm” deyən, ənənəsi, dini, dili və tarixi bir olan insanların dünyası var. Bu, bir ulu çinardır ki, bu ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır”.

Sovetlər ittifaqının dağılmasından sonra türk xalqlarının yaxınlaşması, ortaq maraqların müdafiə və inkişaf etdirilməsi baxımından yaranmış əlverişli tarixi şərait Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) kimi mühüm bir təşkilatın təsis edilməsinə zəmin yaratdı. Əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında keçirilən toplantıda qoyulan TDƏŞ, ötən dövr ərzində türkdilli xalqların həyatında getdikcə önəmli rol oynamağa başladığını artıq təsdiqləyir. Xüsusilə, qeyd etmək yerinə düşərdi ki, məhz Naxçıvan Zirvə görüşü türk dünyasının birgə tərəqqisi istiqamətində əhəmiyyətli rol oynadı və bundan sonra, yəni həmin Zirvə görüşündən sonra Türk Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Miras Fondu, Türk Ağsaqqallar Şurası kimi təşkilatlar yarandı.

Daha dəqiq desək, yeniləşən dünya nizamında ortaq tarixin, dinin, dilin, etnik köklərin, mədəniyyətlərin birləşdirici amil rolunu oynaması türk dövlətlərinin timsalında yeni-yeni qurumların, səmərəli təşkilatların yaranmasına, formalaşmasına və fəaliyyət göstərməsinə zəmin yaratdı. Məhz böyük ərazilərə, zəngin təbii sərvətlərə, geniş coğrafi imkanlara, böyük çoxluqda insan sayına malik olması da türk dövlətlərinin Avrasiya məkanında strateji məsələlərdə eyni bir cinahdan, vahid cəbhədən çıxış etməsinə imkan verir.

Məhz bu kontekstdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstandakı Zirvə görüşü də təşkilat çərçivəsində qəbul edilmiş qərarların və artıq fəaliyyət göstərən qurumların türkdilli xalqlar arasında münasibətlərin bundan sonra daha da dərinləşməsinə töhfələr verəcəyi şübhə doğura bilməz. Ən əsası isə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf etdirilməsi təşəbbüslərində Azərbaycanın xüsusi rol oynaması ölkəmizin xarici siyasətdə geniş imkanlara malik olması anlamına gəlir və bu baxımdan, demək olar ki, Qırğızıstanda keçirilən Zirvə görüşü Azərbaycanın türk dünyasında rolunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirdi. Hətta növbəti sammitin məhz Bakıda keçiriləcəyi qənaəti isə, deyilənləri təsdiq edir və heç bir cəhdlə inkar edilə bilməz ki, sammit ərəfəsində türkdilli dövlətlər arasında müzakirə olunan məsələlər bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Görünür, elə buna görə də, şuraya daxil olan ölkələrin sayı durmadan artır və bu da, öz növbəsində, ölkələr arasında həyata keçirilən layihələrin də əhəmiyyətini artırmış olur.

İnam HACIYEV

Digər xəbərlər