Xəbərlər

  • 4 758

Karateçilərimiz Premyer Liqa turnirində mübarizə aparacaqlar

image

İsveçrənin Bazel şəhərində 31 ölkədən idmançıların iştirakı ilə 9-cü nüfuzlu “Bazel Open Masters” turnirində 4 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq yüksək nəticə göstərən karate üzrə Azərbaycan milli komandası yarışdan sonra 10 günlük beynəlxalq təlim-məşq toplanışını başa vurub. SİA xəbər verir ki, turnirin və beynəlxalq təlim-məşq toplanışının təşkilatçısı İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız Bazeldən birbaşa Berlinə Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa turnirinə yollanıb. İsveçrədə idmançılarımızla birgə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, eləcə də milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev və milli komandanın üzvləri bütün xərcləri üzərinə götürməklə yüksək səviyyədə şərait yaradan Zubeyir Şahinə təşəkkürünü bildirib.Bir neçə ölkədən idmançıların qatıldığı beynəlxalq təlim-məşq toplanışının sonuncu günü Bazeldə İsveçrə Şotokan Karate Do Federasiyasının rəsmiləri milli komandamızla görüş keçirib. Hazırlıq prosesini izləyən yerli rəsmi idman nümayəndələri, dünya şöhrətli Azərbaycan milli komandası ilə görüşdən məmnun qaldıqlarını bildirərək, idmançı və məşqçilərə xatirə hədiyyələri təqdim ediblər.Karateçilərimiz sentyabrın 12-də Berlinə yola düşüblər. Almaniyanın paytaxtında mövsümün növbəti Karate 1 Premyer Liqa turniri, həm də “Tokio-2020” Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq. Mötəbər turnirdə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Hümmət Baxşəliyev, Rafiz Həsənov (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov, Asiman Qurbanlı (hamısı 84 kq-dan yuxarı), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar. Milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov və Denis Morozov da qatılacaq.Onlardan başqa federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, baş hakim Cahangir Babayev və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da Almaniyaya yollanıb.

sia.az

Digər xəbərlər